Bank

Azərbaycanda bankların vergi yükünün azaldılması təklif olunur

Azərbaycanda dsahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi üzrə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdən biri bankların vergi yükünün azaldılması ilə bağlıdır.

ENA.azxəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Müvafiq qanun layihəsinə əsasən, Vətən müharibəsində və ondan sonrakı dövrdə sosial korporativ məsuliyyətini həyata keçirmiş banklara münasibətdə güzəştlərin təqdim olunması nəzərdə tutulur. Belə ki, dəyişikliklər paketinə əsasən, Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin kreditlər üzrə ödənilməyən borclarını silən bankların vergi yükü azaldılacaq.

“Məlum olduğu kimi, Vətən müharibəsində və ondan sonrakı dövrdə bir sıra müəssisələr kimi, bir sıra banklarda da sosial məsuliyyət tədbirləri çərçivəsində şəhid ailələrinin və qazilərin banklara olan borclarının silinməsi həyata keçirilib. Bununla əlaqədar Vergi Məcəlləsində dəyişiklik layihəsində banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin ödənilməyən borcları üzrə hesablanmış faizlərin silinməsinin bankların və kredit təşkilatlarının vergitutulan gəlirlərinə aid edilməməsi, habelə həmin təşkilatların bu çərçivədə sildiyi borcların əsas məbləği üzrə yaradılmış ehtiyatların gəlirdən çıxılan xərclərə aid edilməsi nəzərdə tutulur”, - deyə qurum bəyan edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)