BİZNES

Nazir: "Azərbaycan iqtisadiyyatına 300 mlrd dollar pul qoyulub"

1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların ümumi həcmi 296,3 milyard dollar təşkil edib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"1995-ci ildən 2022-ci ilin iyun ayına kimi Azərbaycan iqtisadiyyatına investisiyalar 296,3 milyard dollar təşkil edib. Bunun 150,4 milyard dolları xarici investisiyalardır", - Cabbarov bazar ertəsi Bakıda keçirilən 25-ci beynəlxalq biznes forumunda deyib.

Nazir onu da qeyd edib ki, Azərbaycanda sənaye parkları və sənaye məhəllələri fəal şəkildə inkişaf edir. “Ümumilikdə sənaye blokları və sənaye parklarında həyata keçirilən layihələrdə 6 milyard 673,4 milyon manat investisiya nəzərdə tutulub. Bu günə kimi bu layihələrə sərmayə qoyuluşu 6 milyard 267,3 milyard manata çatıb”, - deyə nazir əlavə edib.

“Bir il əvvəl Qarabağ savaşı oldu, lakin artıq sürətlə infrastruktur layihələri həyata keçirilir. Qazanılmış zəfər nəticəsində bölgədə yeni reallıqlar, yeni imkanlar yaranıb. Region ölkələrinin iqtisadi maraqları ilə yanaşı bölgədə sabitlik , təhlükəsizlik, interqasiya və əməkdaşlıq mühitini gücləndirərək, strateji layihələrin həyata keçirilməsi üçün imkanlar ortaya çıxıb. Artıq Ağdamda Sənaye Parkının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası”nın yaradılmasına dair qərarlar verilib. Bu ərazilər bölgənin iqtisadi imkanlarının reallaşdırılması istiqamətində mühüm layihələrin icrasına şərait yaradacaq”, - o qeyd edib.

Nazir həmçinin əlavə edib ki, 1995-ci ildən keçirilən və bu gün Azərbaycanın ev sahibliyi etdiyi IBF ölkəmizin investisiya imkanlarının tanıdılması baxımından mühüm platformadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)