Türk lirəsi ABŞ dollarına nisbətdə antirekordu bir daha yeniləyib
ABŞ-da inflasiya üzrə statistikanın açıqlanmasından sonra türk lirəsi ABŞ dollarına nisbətdə ardıcıl olaraq iki gündür tarixi minimumları yeniləyir.
ENA.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün lirənin ABŞ dollarına nisbətdə məzənnəsi Bakı vaxtı ilə saat 10.45 radələrində 9,93 səviyyəsində ticarət olunub. Bu, yeni antirekordur.
Qeyd edilir ki, ötən gün ABŞ-da oktyabr üzrə inflasiya məlumatlarını açıqlayıb. Belə ki, illik inflasiya gözlənilən 5,8 % qarşısında 6,2 %-ə kimi sürətlənib. Bu 1990-cu ildən bu yana ən yüksək göstəricidir. Sentyabrda istehlak qiymətlərinin artımı 5,4 % olub. Bunun fonunda ABŞ dolları yen, avro, funt sterlinq qarşısında kifayət qədər möhkəmlənib.
Xatırladaq ki, lirənin kəskin ucuzlaşması prosesi oktyabrın ortalarında Mərkəzi Bankın üç vəzifəli şəxsinin, o cümlədən iki müavinin işdən çıxarılması fonunda başladı. Oktyabrın sonunda Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsini 18 %-dən 16 %-ə endirdi. Bundan sonra lirənin ucuzlaşma prosesi sürətləndi.