Azərbaycanda tibbi xidmətlər ƏDV-dən azad edilə bilər
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin, Tədris Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və 20-yə yaxın tibbi müəssisənin nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, görüşdə klinikaların xərclərinin, o cümlədən icarəyə götürülmüş bina üzrə təmir xərclərinin gəlirdən çıxılması, səhiyyə turizminin inkişaf etdirilməsi məqsədilə xarici ölkə vətəndaşlarına göstərilən tibbi xidmətlərin ƏDV-yə sıfır faiz dərəcəsi ilə cəlb olunması, tibbi xidmətlərə görə ƏDV-nin diferensial dərəcə ilə tətbiqi, klinika və həkimlər arasında əmək münasibətlərinin mülki-hüquqi müqavilə və ya əmək müqaviləsi əsasında formalaşmasının mövcud vəziyyəti və perspektivi, yüksək əmək haqlarına reqressiv sığorta dərəcələrinin tətbiqi və tibb xidmətlərinin göstərilməsinə cəlb olunmuş əcnəbi həkimlərin sosial sığorta haqlarından azad edilməsi ilə bağlı təkliflər ətrafında geniş müzakirələr aparılıb. Həmçinin klinikaların nümayəndələri sahənin inkişafına müsbət təsir edə biləcək bir sıra digər məsələlər, o cümlədən icbari tibbi sığorta sahəsində özəl klinikaların iştirak səviyyəsinin artırılması, xarici investisiyalı klinikaların təsisçilərinə yaşayış icazəsinin verilməsi zamanı vergi ödəyicisi olmasının imtiyaz kimi nəzərə alınması, tibbi avadanlıqların idxalı (o cümlədən müvəqqəti idxal) və istismarı ilə bağlı inzibatçılığın sadələşdirilməsinin zəruriliyini müzakirə edib. Sahibkarlıq subyektləri ilə sahəvi çətinliklərin öyrənilməsi istiqamətində görüşlərin və belə dialoq platformasının məhz Dövlət Vergi Xidmətinin mərkəzi aparatında yaradılması bütün klinikaların nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.
Görüşdə çıxış edən DVX-nin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib ki, iştirakçıların təklifləri nəzərə alınaraq sahənin inkişafı, o cümlədən vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı müzakirələrin aparılması və birgə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə aparıcı klinikaların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti görüşlər təşkil olunacaq.