Azərbaycan və Qazaxıstan arasında müntəzəm uçuşlar bərpa edilir
Qazaxıstanda koronavirus infeksiyasının yaranmasının və yayılmasının qarşısının alınması üzrə idarələrarası komissiyanın 21 sentyabr 2021-ci il tarixli qərarına əsasən, Azərbaycan və Qazaxıstan arasında müntəzəm hava hərəkəti bərpa edilir.
Bu barədə Qazaxıstan Respublikasının Mülki Aviasiya Komitəsi məlumat yayıb.
7 noyabr 2021-ci il tarixindən etibarən “Air Astana” Almatı-Bakı marşrutu üzrə həftədə 2 reys olmaqla cümə axşamı və bazar günləri “Embraer E190-E2” təyyarəsi ilə uçuşlar həyata keçirməyi planlaşdırır.
Eyni zamanda, Azərbaycanın “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti 2021-ci il noyabrın 6-dan Almatı-Bakı marşrutu üzrə həftədə 1 reys olmaqla şənbə günləri “A-319” təyyarəsi ilə uçuşlar həyata keçirməyi planlaşdırır.
“Azərbaycana uçuşların daha da artırılması epidemioloji vəziyyətdən, İdarələrarası Komissiyanın qərarlarından və Azərbaycanın müvafiq dövlət orqanlarının qərarlarından asılı olacaq”, – deyə məlumatda bildirilir.
Qurumdan əlavə edilib ki, reyslər sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla və aviaşirkətin saytında dərc olunmuş cədvələ uyğun həyata keçiriləcək.