AMB: "Azərbaycanda "sukuk"dan istifadə üçün qanunvericiliyə dəyişikliklər edilməlidir"
Azərbaycanda "sukuk"la (İslam istiqrazları) bağlı hazırda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) xüsusi layihə həyata keçirir.
ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Kapital bazarına nəzarət departamentinin Kapital bazarına nəzarət şöbəsinin rəisi Samir İsmayılov deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində qanunvericiliyə də müəyyən dəyişikliklərdə edilməlidir ki, "sukuk" üçün requlyativ çərçivə formalaşsın: "O zaman bu maliyyə alətiylə maliyyələşmə mümkün olsun".
Qeyd edək ki, bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İslam İnkişaf Bankının Qrup Biznes Forumu (THIQAH) və KOBİA-nın tərəfdaşlığı çərçivəsində konfrans keçirilib.
Konfransda ICD-nin Baş icraçı direktoru, Hörmətli Ayman Amin Sejini çıxışı zamanı qeyd etdi ki, “ICD üzv ölkələrin inkişafını dəstəkləməyə davam edəcəkdir və bunun üçün yeni mexanizmləri araşdırmağa davam edir. Bu vebinar Azərbaycanda şirkətlərin diversifikasiya edilmiş maliyyə mənbələrinə çıxışın əldə edilməsi üçün təşkil edilən yüksək səviyyəli planın bir hissəsidir.”
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı çıxışı zamanı vurğulayıb ki, “İslam maliyyə institutları real sektorda maliyyə xidmətlərinə əlçatanlığı artırmaq üçün əlverişli platformalardan hesab edilir. Azərbaycanda həyata keçirilən layihələr və müvafiq trendlər onu göstərir ki, "sukuk" Azərbaycanda infrastrukturun inkişaf etdirilməsi yönündə aparıcı mexanizmə çevrilə bilər. Buna görə də, Azərbaycan alternativ maliyyələşmə mexanizmi olan "sukuk"un tətbiqi üçün əlverişli iqtisadiyyatdır”.
Vebinar zamanı qlobal "sukuk" bazarındakı vəziyyət, son trendlər, Azərbaycanda İslam istiqrazlarının tətbiqi imkanları kimi mövzulara toxunulub. Həmçinin, Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində çağırışlar və imkanlar mövzusunda panel müzakirələri baş tutub.