AAK sədri: “Bu ilin sonunadək üç dövlət qurumunda akkreditasiya keçiriləcək”
“İlkin mərhələdə bu ilin sonunadək AMEA, Təhsil və Kənd Təsərrüfatı nazirliklərinin hər birinin tabeliyində olan bir müəssisədə, ümumilikdə 3 müəssisədə akkreditasiyanın keçirilməsi nəzərdə tutulub”.
ENA.az xəbər verir ki, bunu Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev rəsmi qəzetə müsahibəsində bildirib.
O xatırladıb ki, ölkədə elmin inkişafını təmin etmək üçün beş istiqamətdə paralel və əlaqəli fəaliyyəti zəruri hesab edilir: “Yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı, elmi müəssisə və təşkilatlarda müasir infrastrukturun qurulması, elmin maliyyələşdirilməsi, elmi tədqiqat işlərinin müasir tələblər səviyyəsində aparılması və elmi müəssisə və təşkilatların idarəedilməsinin müasir tələblərə uyğun təşkil edilməsi. Akkreditasya işinin təşkilinin qeyd edilən bu beş istiqamətdə qurulması nəzərdə tutulub.
İlkin mərhələdə ölkə üzrə fəaliyyət göstərən elmi müəssisələrin (təşkilatların) elektron bazasının formalaşdırılması məqsədilə zəruri məlumatlar toplanıb və sistemləşdirilib. Məlumat üçün bildirirəm ki, hazırda ölkəmizdə 104 elmi müəssisə və təşkilat fəaliyyət göstərir. Onlardan 9-u fizika-riyaziyyat, 19-u texnika, 7-si Yer, 15-i kimya və biologiya, 11-i aqrar, 12-si tibb və 31-i humanitar və ictimai elmlər üzrə fəaliyyət göstərən müəssisələrdir”.