Pensiya yaşına çatmadan ölən şəxslərin hesabındakı pul kimə verilir? - RƏSMİ
Azərbaycanda pensiya yaşına çatmayan vətəndaşların vəfatından sonra sığorta hesabına yığılan pul ailə üzvlərinə pensiya təyin edilərək ödənilir, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.
"Əmək pensiyaları haqqında” Qanuna əsasən sigortaolunan vəfat etdiyi halda isə onun ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının müqabilində ailə üzvlərinə pensiya təyin edilərək ödənilir. 18 yaşınadək övladları əyani oxuyarlarsa 23 yaşınadək bu pensiyanı alırlar. 18 yaşı olmazdan əvvəl sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş övladlarının əlilliyi 18 yaşdan sonra da davam edərsə, onlar da bu pensyanı almaqda davam edirlər.
Bundan əlavə sığortaolunanın ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının əsasında onun digər ailə üzvləri, yəni pensiya yaşına çatmış arvadı (əri), anası, atası , həmçinin I və ya II dərəcə əlil olmuş arvadı (əri), anası, atası da istifadə etməklə əmək pensiyası ala bilirlər. Yəni şəxsin topladığı pensiya kapitalı o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir.
Hazırda Azərbaycanda vəfat etmiş ailə başçısının ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqları hesabına pensiya (qısa desək, ailə başçısını itirməyə görə pensiya) alanların sayı 142 min nəfərdir.
Pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur və bu ilin əvvəlindən həmin pensiyalar indeksasiya olunaraq 11.4 faiz artırılıb. (anews.az)