Bakcell irimiqyaslı ekoloji aksiyaya qoşulub
Bakcell şirkəti bu il də Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə keçirilmiş təmizlik aksiyasına qoşulub. Aksiyanın əsas məqsədi ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.
“Coca-Cola” şirkətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə keçirilmiş bu aksiyanın əsas tərəfdaşları Bakcell, PAŞA Bank, “Carlsberg Azerbaijan” və “AzEcol” şirkətləri olub.
1000 nəfərdən çox könüllünün iştirakı ilə Xəzərin Bilgəh, Pirşağı, Goradil, Novxanı və Corat çimərliklərində keçirilən aksiyada 25 hektar ərazidən ümumilikdə 6.5 ton tullantı toplanılıb.
Aksiyanı dəstəkləyən qurumlar sırasında həmçinin Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, ABŞ-ın Azərbaycandakı səfirliyi, ADA universiteti, AFFA, Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı Nəqliyyat Agentliyi yer alıb.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq bütün iştirakçılar antiseptik vasitələrlə təmin olunub və aksiya sosial məsafənin qorunması, o cümlədən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınaraq təşkil edilib.
Qeyd edək ki, Bakcell şirkəti artıq uzun illərdir ardıcıl olaraq bu aksiyada iştirak edir. Bu hərəkata qoşulan ilk mobil operator kimi Bakcell ölkədə ekologiya sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsinə, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verir.