Avtomobil

Azərbaycanda iki avtomobil brendinin istehsalına başlanıldı - Qiymət

Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş Park” MMC-nin avtomobil istehsalı zavodunda minik avtomobilləri və sərnişin avtobuslarının istehsalı üzrə yeni xətt istifadəyə verilib.

ENA.az xəbər verir ki, bununla əlaqədar keçirilmiş tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Emin Axundov, Özbəkistanın “UzAvtoSanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov, Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov da iştirak ediblər.

Yeni istifadəyə verilmiş istehsal xətti üzrə “Azərmaş Park”ın Özbəkistanın “UzAvtoSanoat” Səhmdar Cəmiyyəti ilə birgə layihəsi çərçivəsində “Chevrolet” markalı minik avtomobilləri və Yaponiyanın “İSUZU” brendinin avtobusları istehsal ediləcək. 

İstehsal xəttində birinci mərhələdə il ərzində 4 modeldə 5000 “Chevrolet” minik avtomobili, 1000 ədəd “ISUZU” avtobuslarının və pikaplarının buraxılması nəzərdə tutulur. İnvestisiya dəyəri 14 mln. manat olan layihənin reallaşdırılması nəticəsində 150-ə yaxın iş yeri açılıb.

Müəssisənin istehsal etdiyi avtomobil və avtobuslar daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrərə də ixrac ediləcək.

Qeyd edək ki, burada istehsal edilən “Chevrolet” minik avtomobillərinin dəyəri 17 000 ilə 130 000 manat arasında dəyişir. Avtomobillər növbəti həftələrdən etibarən satışa çıxarılacaq.

Xatırladaq ki, Hacıqabul Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb. Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur qurulub, inzibati bina, texniki və köməkçi binalar tikilib, abadlıq işləri aparılıb. Digər sənaye məhəllələrinə olduğu kimi, Hacıqabul Sənaye Məhəlləsinə də  sahibkarlar tərəfindən böyük maraq göstərilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)