“Gürcüstana gedəcəyəm, həbsdən qorxmuram”
“Şəxsən mən oktyabrın 2-də keçiriləcək seçkilər üçün Gürcüstana gedəcəyəm”.
Bunu Gürcüstanın üçüncü prezidenti (2004-2013) Mixeil Saakaşvili feysbuk səhifəsi üzərindən videomüraciətində deyib.
O, Gürcüstanda həbs olunacağından qorxmadığını bildirib: “Əminəm ki, gürcü xalqı özünü azad edəcək və mən də azadlığa çıxacağam. Taleyimi gürcü xalqının əlinə verməkdən qorxmuram”.
Keçmiş dövlət başçısı həmvətənlərinə çağırış edib: “Gürcüstanı xilas etmək bizim vətənpərvərlik borcumuzdur. Gürcüstanda hər şey məhv olur, insanlar ölkəni hər gün kütləvi şəkildə tərk edir. Hər kəs seçkiyə getməli və Bidzina İvanişvilinin arzusunun əleyhinə səs verməlidir”.
M.Saakaşvili tərəfdarlarını planları barədə mərhələli şəkildə məlumatlandıracağını vurğulayıb.
Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.
M.Saakaşvili 2015-ci ildən Gürcüstan vətəndaşlığından məhrum edilib. Ukrayna vətəndaşı olan siyasətçi 2020-ci ilin mayından bu ölkənin İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin rəhbəri vəzifəsində çalışır. Gürcüstana dönəcəyi halda onu bir sıra ittihamlar üzrə həbs gözləyir.