Bank

Banklar yarım ildə 1,9 mlrd dollarlıq nağd xarici valyuta alıb-satıb

Bu ilin I yarısında manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.

Sənəddə həmçinin deyilir ki, hesabat dövründə tədiyə balansının yaxşılaşması valyuta bazarında təklifi və beləliklə qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləmişdir.

Hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilmişdir ki, bu da əsasən de-dollarlaşma meyilləri ilə izah edilir.

Bu ilin 6 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4,2 % azalaraq 12,2 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 85,3 %-i ABŞ dollarında, 14,7 %-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 29,3 %-i banklararası valyuta bazarında (BVB), 70,7 %-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Dövr ərzində BVB-də əməliyyatların 99,2 %-i ABŞ dollarında, 0,8 %-i avroda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmıb.

BDVB-də valyuta əməliyyatlarının həcmi 8,6 milyard ABŞ dolları ekvivalentində olub ki, bunun da 79,6 %-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib.

BDVB-də valyuta əməliyyatlarının 94,9 %-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 42 % azalaraq 1,9 milyard ABŞ dolları ekvivalentində olub.

Bunun 84,2 %-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd valyuta bazarında may və iyun aylarında bankların valyuta alışı satışları üstələyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department