Kimlərə güzəşt ediləcək?
Vergilər Nazirliyi bu gün Vergilər Məcəlləsinə edilən son dəyişikliklər barədə mətbuat konfransı keçirib.
"BI" xəbər verir ki, nazir müavini Sahib Ələkbərov çıxış edərək Məcəlləyə edilən əlavə və əsas dəyişikliklərin mahiyyəti və 2019-cu ildə həyata keçiriləcək islahatlar barədə danışıb.
Nazirliyin vəzifəli şəxsi Əvəz Quliyev bildirib ki, yeniliklərə görə sadələşdirilmiş verginin dərəcəsi Bakı şəhərində 4 faizdən 2 faizə endirilib:"Mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi vergidən azad edilir. Qanunvericilikdə edilən dəyişikliklərlə bağlı müvafiq maddələrin tələblərini ilk dəfə pozan şəxs cərimələnməyəcək, ona birinci dəfə üçün yazılı xəbərdarlıq olunacaq.
Pərakəndə ticarət və iaşədə nağdsız ödənişlər üzrə sahibkarlara güzəştlər ediləcək. Ofisiant, bərbər, dərzi fəaliyyəti ilə məşğul olan şəxslər gəlirindən asılı olmayaraq sabit qəbz sisteminə keçirilirlər.
Təhsil müəssisələri mənfəət vergisindən azad olunur".
S. Ələkbərov qeyd edib ki, məcəlləyə edilən dəyişikliklərin ikinci istiqaməti kölgə iqtisadiyyatının azaldılması və iqtisadiyyatın şəffaflaşması haqdadır:
"Belə ki, əmək müqaviləsi imzalamadan işçiləri işə cəlb edən işəgötürən birinci dəfə 2 min, ikinci dəfə 4 min, növbəti dəfələrdə 6 min manat cərimə olunacaq.
Vergitutma sahəsində edilən dəyişikliklərə görə topdansatış, xəz-dəri satışı ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi hüququndan istifadə edə bilməyəcəklər. Eyni zamanda, ofşor zonalarda aparılan əməliyyatlarda da vergitutma tətbiq olunacaq".