Əhaliyə dollar satışı ilə bağlı - LİMİT SIFIRLANDI
Vətəndaşlara xarici valyuta satışı ilə bağlı 20 min manat limiti sıfırlandı. ENA.az xəbər verir ki, ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilməsi ilə bağlı qoyulan 1 il (12 ay) limitlə bağlı məsələlər həll olunub, sistem yenilənib.
Belə ki, bir il üçün qoyulan limitin müddəti ötsə də sistem yenilənmədiyindən banklar həmin vətəndaşlara dollar sata bilmirdilər. Bu isə artıq qeyri formal bazarın "ayaq açması"na səbəb olurdu.
Banklar isə dollar almaq üçün müraciət edən vətəndaşlara bildirirdi ki, limit Mərkəzi Bank tərəfindən sıfırlanmayıb, bu səbəbdən şəxsiyyət vəsiqəsilə valyuta alışı mümkün olmayacaq. Dollar almaq üçün gəlirlər haqqında sənədlər (ev alqı-satqısı müqaviləsi, avtomobil satışının sənədləri və digər rəsmi gəlir sənədləri) təqdim edilməlidir. Təqdim edilən sənədlər Mərkəzi Banka göndərilir, qərar müsbət olarsa bank tərəfindən xarici valyuta satıla bilərdi.