“Dövlət qulluğu haqqında” qanun dəyişdi
Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qanuna dəyişikliklə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş (kiçik rəis heyəti və sıravi heyət vəzifələrini tutan və ya əvvəllər tutmuş şəxslər istisna olmaqla) və xüsusi (hərbi, diplomatik) rütbəyə malik olan şəxslər dövlət qulluğuna qəbul edildikdə, onlara staj və sınaq müddəti tətbiq edilməyəcək.
Eyni məzmunlu dəyişikliklər aşağıdakı sənədlərə də tətbiq edilib:
- “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna;
- “Diplomatik xidmət haqqında” qanuna;
- “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna;
- “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanuna;
- Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə;
- Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə;
- Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə;
- Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə.
Qeyd edək ki, dövlət qulluğunun xüsusi növü dedikdə prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslər nəzərdə tutulur.