Rəsmi

Azərbaycanda sahibkarlar kateqoriyalara bölündü

Nazirlər Kabineti "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nı təsdiq edib.

"BI" xəbər verir ki, 2019-cu ildən Azərbaycanda sahibkarlar dörd kateqoriyaya bölündülər. 

Meyarlara görə, işçilərinin sayı 10 nəfərə, illik dövriyyəsi 200 min manata qədər olan sahibkarlar mikro sahibkarlardır. Kiçik sahibkarlar 11-15 işçisi olan və 3 milyon manatadək dövriyyəsi olanlardır. 51 - 250 işçi qüvvəsi ilə çalışan və illik dövriyyəsi 3-30 milyon manat olanlar orta sahibkarlar hesab olunurlar. İri sahibkar isə 251 və ondan yuxarı işçi sayına və 30 milyon manat illik dövriyyəyə malik olanlardır. 

Qeydlərə görə: 

1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

2. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.

4. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.

Bundan başqa baş nazir Novruz Məmmədov aşağıdakı tapşırıqları verib:  

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.

- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin.

- “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 788; 2016, № 6, maddə 1228) ləğv edilsin.”.

- Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department