Bakının yekun Baş Planı bu ayın sonunda Nazirlər Kabinetinə göndəriləcək
"Bakının yekun Baş Planı hazırdır, onun üzərində son tamamlama işləri aparılır".
Bunu açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.
Onun sözlərinə görə, bu ayın sonunda plan Nazirlər Kabinetinə göndəriləcək.
D. Dövlətxanov sənədin bu vaxta qədər təsdiq edilməməsinə də münasibət bildirib: “Sənəd böyükdür. Ona hər nazirliyin baxaraq fikir bildirməsi vaxt tələb edir”.
Xatırladaq ki, Bakının Baş Planının ilkin versiyası ötən il oktyabrın 9-da ictimaiyyətə təqdim edilib. Layihə paytaxtın 213 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsin qorunması, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.