ABŞ-da peyvənd olunmuş şəxslər delta ştammına yoluxub
COVID-19 haqqında yeni məlumatlara əsaslanan ABŞ-ın tibb tənzimləyicisi koronavirusa qarşı peyvənd olunmuş ölkə vətəndaşlarının yenidən qoruyucu maskadan istifadə etməsi haqqında qərar qəbul edib.
ENA.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
Mütəxəssislər müəyyən ediblər ki, koronavirusa qarşı peyvənd olunmuş, lakin delta ştammına yoluxmuş şəxslər burun-udlaq yolunda böyük həcmdə virus daşıyırlar.
Qəzet bildirir ki, bu məlumat alimlərin daha əvvəlki müşahidələri ilə ziddiyyət təşkil edir. Belə ki, daha əvvəl COVID-in ilkin variantlarına qarşı peyvənd olunmuş pasientlərin yoluxma mənbəyi olması ehtimalının çox az olduğu bildirilirdi.
Məlumata görə, delta ştammı MERS, SARS, Ebola qızdırması, soyuqdəymə və mövsümi qripə səbəb olan digər viruslarla müqayisədə daha yoluxucudur və yalnız suçiçəyi ilə müqayisə oluna bilər.