Sənaye

Yeni kəşf edilən “Zəfər” qızıl-mis yatağı ilə bağlı YENİLİK

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti ölkənin “Gədəbəy” müqavilə sahəsinin mərkəzində yerləşən yeni “Zəfər” adlanan qızıl-mis yatağınının ən prioritet kəşfiyyatı üzərində çalışmalarını davam etdirir.

ENA.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Məlumatda qeyd edilir ki, şirkət bu ayın sonuna və ya avqustun əvvəlinə bu yataq üzrə məlumatları layihə üzrə Filiz Ehtiyatları üzrə Birgə Komitəyə (Joint Ore Reserves Committee - JORC) təqdim etməyi düşünür.

Qeyd edək ki, bu ilin yanvar ayında "Anglo-Asian Mining Plc." şirkətinin kəşfiyyat qrupu Gədəbəy müqavilə sahəsində “Zəfər” adlı yeni porfir mis-qızıl yatağı aşkar edib. Yeni yataq şirkətin emal müəssisələrindən təxminən 1,5 km şimal-qərbdə yerləşir. Sahə kəşfiyyat və xəritələşdirmə yolu ilə müəyyənləşdirilib. Aparılan qazma işləri nəticəsində üç minerallaşmış zona müəyyən edilib. Ümumilikdə 6 775 metr dərinlikdə cəmi 12 quyu qazılıb.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department