ENA+

“Taliban” Türkiyə hərbçilərinə qarşı cihada hazırlaşır

“Taliban” hərəkatı Türkiyəyə hərbçilərini Əfqanıstandan çıxarmaqla bağlı çağırış edib.

Bununla bağlı “Taliban”ın yaydığı bəyanatda bildirilib ki, BMT və beynəlxalq ictimaiyyətin dəstəklədiyi və Türkiyə də daxil olmaqla, əksər ölkələr tərəfindən alqışlanan Doha razılaşmasına əsasən, bütün xarici dövlətlərin qüvvələri Əfqanıstandan geri çəkilir.

“Ancaq razılaşmaya baxmayaraq, Türkiyə hökuməti ABŞ-la razılaşaraq öz hərbi qüvvələrini Əfqanıstanda saxlayır. Əfqanıstan İslam Əmirliyi və əfqan xalqı Türkiyə ilə tarixi, mədəni və dini əlaqələr saxlayır, lakin işğalın genişləndirilməsi, ölkəmizin daxilində Türkiyə məmurlarına qarşı kin və düşmənçilik hisslərini oyadacaq və ikitərəfli əlaqələrə zərər verəcək”, - deyə bəyanatda qeyd olunub.

“Taliban” Türkiyə rəhbərliyinin bu qərarını yanlış addım kimi qiymətləndirib: “Bu, bizim ərazi bütövlüyümüzün, suverenliyimizin pozulmasıdır və milli maraqlarımıza ziddir. Əfqanıstan İslam Əmirliyi türk və əfqan xalqları arasında problemə səbəb olduğu üçün bu qərarı ən sərt şəkildə qınayır. Biz Türkiyə rəsmilərini hər iki ölkə üçün zərərli olan bu qərarı ləğv etməyə çağırırıq. Hər hansı xarici ölkənin qüvvələrinin istənilən bir bəhanə ilə vətənimizdə qalmasını işğal kimi qəbul edirik və onlara fətva əsasında cavab veriləcək. Bu fətva əsasında son 20 ildə cihad edilib”.

“Taliban” Türkiyə müsəlmanlarına bu qərara etiraz etməyə dair çağırış edib. Bildirilib ki, bu, nə Türkiyənin, nə də Əfqanıstanın xeyrinədir və iki müsəlman ölkə üçün yalnız problemlər yaradacaq: “Biz bütün ölkələrlə müsbət əlaqələrdə maraqlıyıq. Biz başqalarının işinə qarışmırıq. Eyni zamanda, digərlərinin bizim daxili işlərimizə müdaxilə etməsinə də icazə vermərik. Türk məmurlar qərarlarını yenidən nəzərdən keçirməsələr, İslam Əmirliyi və əfqan milləti dini, vicdani və vətənpərvərlik borclarına uyğun olaraq, 20 illik işğala qarşı çıxdıqları kimi, onlara qarşı da mövqe tutacaqlar. Bu halda bütün məsuliyyət başqalarının işinə qarışan və bu cür düşünülməmiş qərarlar verənlərin üzərinə düşəcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)