Sosial iqtisadiyyat

Tarif Şurası və Azəriqazdan - QAZ AÇIQLAMASI

Azərbaycanda təbii qazın qiymətinin qismən artımı ilə bağlə qərar verən Tarif Şurası ətraf ölkələrdə qazın qiymətinin daha yüksək olduğunu açıqlayıb.

Bu barədə Şuranın açıqlamasında bildirilir.  Şura bildirib ki, dünya bazarında ərzağın qiymətinin artımı, eləcə də dünya enerji bazarlarında müşahidə olunan qiymət artımları əksər ölkələrdə təbii qazın qiymətinin artması ilə nəticələnib. «Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan istifadə edən sahələr üçün tariflər dəyişmiş, o cümlədən istehlakçı kateqoriyaları üçün kommunal xərclər artmışdır».

Tarif Şurası bildirib ki, 2020-ci ildə 1 kub metr təbii qazın tarifi əhali abonenti üzrə Ankarada (Türkiyə) orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik təşkil edib. Hazırda Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik səviyyəsindədir.

"Yeni müəyyənləşdirilmiş tariflər bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Belə ki, 1 kub metr təbii qazın tarifi əhali üzrə Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. 1 kub metr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə isə hazırda Türkiyədə orta hesabla 35-49 qəpik, Ukrayna 22-26 qəpik, Belarusda 21,9-78,2 qəpik, Rusiyada 15,3-18,2 qəpik arasında dəyişir", -deyə Şuranın açıqlamasında bildirilir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev Tarif (Qiymət) Şurasının təbii qazın qiymətləri ilə bağlı bu gün qəbul etdiyi qərarı şərh edib.

Baş direktor bildirib:

"Bu gün “Azəriqaz”ın təxminən 2,4 milyon abunəçisi var və bunun 1,3 milyonu təbii qazdan 1 200 kubmetrlik limit çərçivəsində istifadə edəcək, yəni qazın hər kubmetrini 10 qəpikdən əldə edəcək. Gələn həftədən smartkart tipli sayğacların oxunmasına başlanılacaq və bu sayğacları olan abunəçilər iyuldan qazdan yeni tariflərlə istifadə edəcəklər. Mexaniki sayğacların sahibləri isə iyulun 10-na qədər qazdan köhnə tariflərlə istifadə edəcəklər. O vaxta qədər proqram təminatında yenilənmə olacaq.

“Azəriqaz” təbii qazın paylayıcısıdır. İstehsalat Birliyi qazı “Azərkontrakt” ASC-dən topdansatış olaraq alır və onun pərakəndə paylanılmasını həyata keçirir. Burada topdanalış qiymətində fərq yaranıb. Əvvəl bu qiymət hər 100 kubmetr üçün 75 manat idisə, bundan sonra 110 manat olacaq. Burada isə 35 manat fərq yaranır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)