Mikayıl Cabbarov: "Azərbaycan müharibə və cəmiyyətin birləşməsi testlərindən uğurla çıxıb"
"Biz müharibə və cəmiyyətin birləşməsi testlərindən uğurla çıxaraq 30 ildən çox davam edən müharibənin iştirakçısı və şahidi olduq".
Bunu "Karabakh Center" ("Qarabağ Mərkəzi") portalının təqdimat mərasimində çıxış edən Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, Fondun əsas vəzifələrindən biri Qarabağda dağıdılmış irsin bərpasıdır: "Fondun fəaliyyətinin müvəqqəti yox, daimi olmasını düşünürük. Biz yalnız bərpa üçün deyil, həmçinin davamlı inkişaf üçün fəaliyyət göstərməliyik. "Yaşıl infrastruktur", "ağıllı kənd və şəhər"lərin yaradılması bura aiddir".
Nazir həmçinin deyib ki, təqdimatı keçirilən portal Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə ərsəyə gətirilib: "Bu portalın müxtəlif dillərdə təqdimatı nəzərdə tutulub. Proses yalnız onlayn təqdimatlarla yekunlaşmayacaq. Epidemioloji vəziyyət imkan verdikcə müxtəlif yerlərdə təqdim olunacaq. Bərpa işləri davamlı olacaq. Bilirsiniz ki, bu gün bərpa işləri uğurla davam edir, o cümlədən doğma Şuşamızda".