Azərbaycan banklarının xarici borcları may ayında artıb
Azərbaycanda fəaliyyət göstərən bankların xarici borcları 2021-ci il mayın 31-nə 1 milyard 165,1 milyon manat təşkil edir. Bu, ötən ilin sonuna olan göstəricidən 4,6% azdır. Lakin 2021-ci ilin may ayında bankların xarici öhdəlikləri 7,9% və ya 85,6 milyon manat artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, mayın sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 4 milyard 623,3 milyon manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 13,7% çoxdur.
Yalnız may ayında bankların xalis xarici aktivləri 185,3 milyon manat və ya 4,2% artıb.
Ümumilikdə 2020-ci ildə Azərbaycan banklarının xarici öhdəlikləri 25,8% azalıb.
Qeyd edək ki, Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.