MALİYYƏ

Azərbaycanda illik inflyasiya 4%-i keçib

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 104,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8 %, qeyri-ərzaq məhsulları üzrə 103,8 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,4 % təşkil edib.

“ENA” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, may ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100%, ötən ilin may ayına nisbətən isə 104,9% olub. O cümlədən ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,4%, ötən ilin may ayına nisbətən isə 105,2% təşkil edib.

Mayda aprelə nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox artım düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, günəbaxan və qarğıdalı yağlarının, limonun, almanın, armudun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, limonadın, arağın, ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, alçanın, çiyələyin, qozun, fındığın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,6%, ötən ilin may ayına nisbətən 104,4% olub. Mayda aprelə nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox artım parçaların, boyaların, divar kağızlarının, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, parketin, sementin, kərpicin, mebellərin, soyuducuların, kondisionerlərin, tozsoranların, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, velosipedlərin, toz şəklində sintetik yuyuсu vasitələrin, azalma isə paltaryuyan maşınların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mayda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,5%, ötən ilin may ayına nisbətən 104,8% təşkil edib. Mayda aprelə nisbətən ayrı-ayrı xidmət növlərindən daha çox artım paltarların təmiri və kimyəvi təmizlənməsi, ayaqqabı, mebel və məişət cihazlarının təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, tibbi, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin, MDB ölkələrinə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, azalma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department