Rəsmi

Prezident Vergi Məcəlləsinə dəyişiklikləri təsdiq etdi

Azərbaycan Prezidenti "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikasının Qanunu"nu imzalayıb.

Həmçinin Prezident, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

 

Fərmanda deyilir:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

üç ay müddətində:

- Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibbi xidmətlərin göstərilməsinə və həmin xidmətlər çərçivəsində dərman vasitələrinin təqdim edilməsinə əlavə dəyər vergisinin həmin verginin Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş dərəcəsindən daha aşağı dərəcə ilə tətbiqi (differensial ƏDV-nin tətbiqi) ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.80-ci maddəsinə uyğun olaraq, startapın müəyyən olunması meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

- həmin Məcəllənin 16.1.8-ci maddəsinə uyğun olaraq, nəzarət-kassa aparatının meyarlarını Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- həmin Məcəllənin 16.1.11-9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında, məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin

- həmin Məcəllənin 22-1.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

- həmin Məcəllənin 26.2-1-ci maddəsinə uyğun olaraq, vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat təqdim etməli olan dövlət orqanları (qurumları) ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, habelə həmin dövlət orqanlarının (qurumlarının) təqdim etməli olduğu məlumatın hədlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

- həmin Məcəllənin 50-2.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısını, həmin mallara məcburi nişanlamanın tətbiqi, vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması qaydasını, Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

- həmin Məcəllənin 50-2.4-cü maddəsinə uyğun olaraq, məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun məbləği ilə bağlı təkliflərini və müvafiq qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Məcəllənin 98.2.7-ci maddəsinə uyğun olaraq, vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydasını Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri əsasında, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

- həmin Məcəllənin 106.1.18-ci maddəsinə uyğun olaraq, elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarlarını müəyyən etsin;

- həmin Məcəllənin 111.3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında, xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydasını təsdiq etsin;

- həmin Məcəllənin 165.5-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 bir ay müddətində:

- həmin Məcəllənin 101.1-4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri əsasında, neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

- “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə uyğun olaraq, nəzarət-kassa aparatlarının tətbiqi qrafikini Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında müəyyən etsin;

- “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişiklikləri, “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 6 nömrəli Sərəncamı ilə vergi orqanlarının qarşısında qoyulmuş vəzifələrin icrasının təmin edilməsinin zəruriliyini, habelə dövlət xidmətlərinin həyata keçirilməsində vergi orqanları işçilərinin iştirakını nəzərə alaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında onun ştat vahidlərinin sayının artırılmasını və maddi-texniki təminatı məsələlərinin həllini, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə inteqrasiyasını on beş gün müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Müəyyən edilsin ki:

- “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci (hər üç halda), 2.3-cü maddələrində, 2.6-cı maddəsinin birinci cümləsində və 2.9-cu maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

- həmin Qanunun 2.2-ci maddəsində (birinci və üçüncü hallarda) “orqan” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

- həmin Qanunun 2.2-ci (ikinci halda), 2.3-cü maddələrində, 2.6-cı maddəsinin birinci cümləsində və 2.9-cu maddəsinin üçüncü cümləsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur.

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

- aşağıdakı normativ hüquqi aktları üç ay müddətində qəbul etsin:

- Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə uyğun olaraq, müqavilənin formasını;

- həmin Məcəllənin 16.1.3-1-ci maddəsinə uyğun olaraq, məlumatın siyahısını və formasını;

- həmin Məcəllənin 16.6-cı maddəsinə uyğun olaraq, məlumatın formasını;

- həmin Məcəllənin 16.7-ci maddəsinə uyğun olaraq, məlumatın formasını;

- həmin Məcəllənin 24.0.6-cı maddəsinə uyğun olaraq, nəzarət-kassa aparatlarının elektron uçotunun aparılması qaydasını;

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, həmin Məcəllənin 34.3-1-ci maddəsinin ikinci abzasının birinci cümləsinə uyğun olaraq, vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydasını;

-üç ay müddətində aşağıdakılarla bağlı təklifləri hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:

- əlavə dəyər vergisinin inzibatçılığının, o cümlədən vergiyə cəlb olunan əməliyyatın vaxtının təqdim edilmiş mala (işə, xidmətə) görə pul vəsaitinin vergi ödəyicisinin sərəncamına daxil olduğu vaxtla müəyyən edilməsi;

- bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi;

- əmtəəsiz əməliyyatlar apararaq və yalan əqdlər bağlayaraq vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətinin qarşısının alınması, habelə bu cür əməliyyatların vergiyə cəlb edilməsi ilə bağlı kompleks tədbirlər;

on gün müddətində:

- “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə və 2.6-cı maddəsinin birinci cümləsinə uyğun olaraq, məlumatın formalarını müəyyən etsin;

- həmin Qanunun 2.9-cu maddəsinin üçüncü cümləsinə uyğun olaraq aktın formasını müəyyən etsin;

- “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Fərmanla verilmiş tapşırığa uyğun olaraq, aksiz markalarının hazırlanmasını, satışını və uçotunun aparılmasını Azərbaycan Respublikası Vergilər Nazirliyinin təşkil etməsinə dair tənzimləmə qüvvəyə minənədək həmin vəzifələrin həyata keçirilməsi bu Fərman qüvvəyə mindiyi günədək mövcud olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilsin.Azərbaycan Prezidenti "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikasının Qanunu"nu imzalayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)