Dövlət qurumundan restoranlara xəbərdarlıq: "Ən sərt tədbirlər görüləcək"
Son günlər sosial şəbəkələrdə və müxtəlif media orqanlarında ictimai iaşə müəssisələrinin qapalı və açıq məkanlarında kütləvi tədbirlərin keçirilməsi ilə bağlı elanlar verilir. Paralel olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri həmin tədbirlərin keçirilməsi faktlarını aşkarlayır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirib ki, pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentlik bir daha bəyan edir ki, pandemiya dövrünün tələblərini pozaraq, koronavirusun yayılmasına rəvac verən, eyni zamanda vətəndaşların sağlamlığını təhlükəyə atmaqla keçirilən bu cür qanunazidd tədbirlərin təşkili yolverilməzdir və bununla bağlı qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcəkdir.