Bu sahibkarlar üçün nəzərdə tutulmuş güzəşt məbləğinin həcmi iki dəfə azaldılır - NAZİRLİKDƏN QƏRAR
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında sənədi imzalayıb.
ENA.az xəbər verir ki, yeni dəyişikliyə əsasən ticarət ilə fəaliyyət göstərən sahibkarlar üçün nağdsız hesablaşmaların həyata keçirilməsinə nəzarət üçün güzəşt məbləğinin həcmi iki dəfə azaldılıb.
Ticarət ilə məşğul olunanların 15 000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bundan öncə isə bu məbləğ 30 000 manatdan yuxarı nəzərdə tutulmuşdu.
Qeyd: ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Xatırladaq ki, Azərbaycanda qanunvericiliyə görə, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:
1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
2. əlvan və qara metal qırıntılarının qəbulu;
3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;
5. xam dərinin tədarükü (alışı).