“ABB-İnvest” nizamnamə kapitalını 10 dəfə artırır
“ABB-İnvest İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 2,7 milyon manat və yaxud 10 dəfə artıraraq 300 min manatdan 3 milyon manata çatdırmağı planlaşdırır.
Bu barədə maliyyə qurumunun direktoru Nadir Babazadə məlumat verib.
Onun sözlərinə görə, kapital artımı “ABB-İnvest”in dövriyyədə olan 300 ədəd səhminin nominal dəyərinin 1 000 manatdan 10 000 manata çatdırılması hesabına baş tutacaq.
“Rəhbərlik etdiyim investisiya şirkəti beynəlxalq tərəfdaşlara malik olmaq istəyir. Bu baxımdan nizamnamə kapitalının çox olması “ABB-İnvest”in ciddi maliyyə qurumu hesab edilməsi üçün çox vacibdir. Bundan başqa, bizim bir sıra planlarımız var və ona uyğun xərclərimiz gözlənilir ki, bu da kapitalın artırılmasını şərtləndirir”, - deyə N.Babazadə qeyd edib.
Direktor həmçinin bildirib ki, investisiya şirkətinin 2020-ci ilin cəmi bir neçə ayı ərzində fəaliyyəti olsa da, ötən ilin maliyyə yekunları ilə bağlı hesabat təqdim edəcək: “Hazırda maliyyə hesabatımız üzərində iş gedir”.
Xatırladaq ki, “ABB-İnvest”i ötən ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) yaradıb, investisiya şirkəti oktyabr ayında Azərbaycan Mərkəzi Bankından lisenziya alıb.