Statuslar

İstehsal edib ixrac etmək, yoxsa idxal əvəz edən məhsullar istehsal etmək?

İxrac edilə biləcək məhsullar istehsal edərək ixrac etmək və ölkəyə valyuta gətirmək, yoxsa idxalı əvəz edən məhsulları istehsal edərək ölkədən valyuta çıxışına qənaət etmək? Başqa sözlə, ixrac məhsulları ixrac edərək valyuta gətirmək, yoxsa idxalı əvəzləmək siyasətləri. Eyni, yoxsa fərqli nəticəli siyasətlərdir? Konkret misalla suala cavab verərək məsələyə aydınlıq gətirək.

1955-1985-ci illərdə 30 il ərzində Braziliya və Cənubi Koreyanın illik ortalama ÜDM artımı daxil olmaqla inkişaf sürətləri demək olar ki, eyni olmuşdur. 1980-ci illərin əvvəllərindən etibarən dünya iqtisadiyyatındakı volatillik hər 2 ölkəyə təsir etmişdir. 1985-ci ildən etibarən dünyada təlatümlər nəticəsində dollar sürətlə dəyər qazanmağa başlayır. Həm Braziliya, həm Cənubi Koreya xarici borclarını ödəməli idi. Braziliya (ixracdan daha çox) idxalı əvəzləmə siyasəti yürütdüyündən az olan ixrac nəticəsində ölkəyə valyuta girişi azalır, Braziliya xarici borc və faizlərini ödəməkdə çətinlik çəkərək böhrana düşür. Cənubi Koreya isə ixrac yönümlü siyasət yürütdüyü üçün qazandığı valyuta ilə borclarını rahat bir şəkildə ödəyir. 1985-ci ildən etibarən Braziliya və Cənubi Koreyanın inkişaf yolları ayrılır, fərqlənir. Bu gün inkişaf səviyyəsinə görə Cənubi Koreya və Braziliyanı müqayisə etmək çətindir. Cənubi Koreyanın üstünlüyü göz önündədir. Cənubi Koreya haqqında cəmi 3 fakt qeyd etməyim kifayətdir. 1) Cənubi Koreya tibbin inkişafına görə 2015-ci ildə İƏİT ölkələri arasında 1-ci yerə çıxmışdır və hazırda səhiyyə sahəsi ən çox inkişaf etmiş ölkələr sırasındadır; 2) Hələ 2010-cu ildə Cənubi Koreya fiberoptik kabellə bütün internet istifadəçilərinə (evlərə də daxil olmaqla) internet xidməti verən ilk ölkələrdən biri olmuşdur; 3) Braziliya hazırda xammal, kənd təsərrüfatı məhsulları, Cənubi Koreya isə dünya markaları siyahısında olan məhsullar ixrac edir. Ümumi ixrac (2019): Braziliya 260,129.62 dollar (ÜDM-nin 14.3%), Cənubi Koreya isə 669,593.70 dollar (ÜDM-nin 39.9%). Adambaşına ixrac (2014): Braziliya 1.180 dollar, Cənubi Koreya isə 11.104 dollar. (Əhalini siyahıya alınması tarixinə görə hər 2 ölkə üçün ən uyğun il 2014-cü il olmuşdur). Adambaşına ÜDM: Braziliyada 8.717 dollar, Cənubi Koreyada 31.846 dollar. Bütün müqayisələr dəfələrlə fərqlənir. Əsas fərq isə budur ki, Braziliyada kənd təsərrüfatına yararlı torpaqlar, iqlim şəraiti, su ehtiyatları Cənubi Koreyadan dəfələrlə çox və əlverişlidir. Rəqəmlər isə başqa nəticələri göstərir.

Burada kənd təsərrüfatı ilə bağlı səhv fikrin yaranmaması üçün başqa bir ölkəni nümunə göstərəcəyəm. İndoneziya. 17500 irili-xırdalı adadan ibarət olan, ən aktiv zəlzələ və palçıq vulkanları xəttində (zonasında) yerləşən, 270 milyon əhalisi olan bu ölkə bir çox ölkələrlə müqayisədə kənd təsərrüfatı üçün uyğunsuz şəraitinə baxmayaraq həm 270 milyon əhalisini ərzaqla təmin edir, həm də dünyaya kənd təsərrüfatı məhsulları ixrac edən əsas ölkələrdən biridir. Cənubi-Şərqi Asiyadan G20-yə yeganə üzv ölkə olan İndoneziya dünyanın nominal ÜDM-yə görə ən böyük 16-cı (1.100 trilyon dollar), dolların alıcılıq gücünə görə isə ən böyük 7-ci (3.740 trilyon dollar) ölkəsidir. Hazırda İndoneziya yüksək sənayeləşmiş ölkələr siyahısındadır. Bu müvəffəqiyyətin 1950-ci illərdən indiyə qədərki addımlarını, səbəblərini yazaraq hörmətli oxucuları yormayacam. Bircə əsas səbəbi qeyd edəcəyəm. Əsas səbəblərdən biri kənd təsərrüfatı sahəsində xam, yaş mal ixracı deyil, həmin məhsulların istehsal, emal edilərək ixracıdır.

Cənubi Koreya kənd təsərrüfatı deyil, texnologiyanı prioritet inkişaf istiqaməti kimi qəbul etmişdir. (Lakin bu o demək deyildir ki, Cənubi Koreyada kənd təsərrüfatı zəif inkişaf etmişdir. Əksinə, C.Koreya kənd təsərrüfatının inkişaf etdiyi ölkələrdən biridir. Sadəcə, texnoloji inkişaf çox önə çıxmışdır. Yeri gəlmişkən, belə bir qanunauyğunluq vardır. Kənd təsərrüfatının inkişaf etmədiyi heç bir ölkə inkişaf etmiş ölkələr siyahısında deyil). Braziliya daha çox xam, yaş məhsul ixracına önəm vermişdir. Sənayeləşmə və texnoloji inkişafdan geri qalmışdır. İndoneziya isə kənd təsərrüfatı məhsullarının emal və istehsalı, ərzaq istehsalında daxili xammaldan istifadə nəticəsində sənayeni və istehsalı inkişaf etdirmişdir. 2019-cu ildə işsizlik səviyyəsi 5.28% olmuşdur.

Burada qeyd olunanlardan çox nəticələr çıxartmaq olar. Birincisi, ölkələrin iqtisadi inkişaf tarixlərini nə qədər çox öyrənsək, ölkəmiz üçün daha müvəffəqiyyətli iqtisadi inkişaf modeli müəyyən edə bilərik. İkinci əsas nəticə isə budur ki, iqtisadi inkişafın yolu (bütün inkişaf etmiş və yüksək iqtisadi göstəriciləri olan inkişaf etməkdə olan ölkələrdə) istehsal və emaldan keçir. Üçüncüsü, idxalı əvəzləmə siyasəti ilə ixrac yönümlü siyasət arasında kifayət qədər böyük fərq vardır.

P.S. Mövcud şəraitdə iqtisadi inkişaf üçün ən yüksək potensialı hələ də saxlayan ölkələrdən biri Azərbaycandır. Amma, digər region ölkələri də növbəti illərdə yüksək iqtisadi inkişafa nail olmaq yolunda ciddi addımlar atmaqdadırlar. Yəni, yarış indidən başlamaqdadır. Mən hələ dünyanın inkişaf etmiş ölkələrini qeyd etmirəm. İnkişaf etməkdə olan ölkələr anlayırlar ki, ciddi tədbirlər görməsələr 2030-cu ilə qədər inkişaf etmiş ölkələr üçün sadəcə istehlak bazarına çevriləcəklər. İstehlak üçün nəsə almağa nə dərəcədə imkanlarının olacağı isə başqa mövzudur.

Elman Sadıqov
iqtisadçı-ekspert

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department