Rəsmi

Kreditlərlə bağlı dövlət xidməti agentlik oldu - FƏRMAN

"BI" xəbər verir ki, dəyişikliyə görə, “Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti” sözləri “Aqrar Kredit və İnkişaf Agentliyi” sözləri ilə əvəz edilib.

Fərman ilə, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında Əsasnamə”inin adında və1.1-ci bənddə “Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti” sözləri “Aqrar Kredit və İnkişaf Agentliyi” sözləri ilə əvəz edilib.

Dəyişikliyə görə, “Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən qurumdur.

Fərmanda deyilir: 

1.1. 1-ci hissədə “Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti” sözləri “Aqrar Kredit və İnkişaf Agentliyi” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında Əsasnamə” üzrə:

1.2.1. adında və 1.1-ci bənddə “Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti” sözləri “Aqrar Kredit və İnkişaf Agentliyi” sözləri ilə əvəz edilsin;

1.2.2. mətn üzrə ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

1.2.3. 1.1-ci bənddə “kənd təsərrüfatı layihələrinin qiymətləndirilməsini, maliyyələşdirilməsini, təşkilini və icrasına nəzarəti həyata keçirən, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədi ilə dövlət büdcəsindən ayrılan və qanunla qadağan edilməyən digər mənbələrdən cəlb edilən maliyyə vəsaitinin müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kredit şəklində verilməsini və həmin vəsaitdən təyinatı üzrə istifadəni təmin edən” sözləri “bu Əsasnaməyə uyğun olaraq kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən” sözləri ilə əvəz edilsin;

1.2.4. 1.5-ci bənddə “dövlət büdcəsi, habelə qanunla və bu Əsasnamə ilə nəzərdə tutulan” sözləri “dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən” sözləri ilə əvəz edilsin;

1.2.5. 2.0.1−2.0.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.0.1. aqrar inkişaf layihələrinin kreditləşdirilməsini və idarə edilməsini həyata keçirmək;

2.0.2. aqrar sahədə dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsində iştirak;

2.0.3. aqrar sahədə innovativ metodları və qabaqcıl təcrübəni təşviq etmək, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə kreditlər vermək;

2.0.4. aqrar sahədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin etmək.”;

1.2.6. 3-cü və 4-cü hissələr aşağıdakı redaksiyada verilsin:

“3. Agentliyin vəzifələri

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:

3.0.1. aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, ailə-kəndli təsərrüfatlarına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin etmək və həmin vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək;

3.0.2. kənd təsərrüfatı istehsal vasitələrinə (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq heyvanlar) dövlət büdcəsi hesabına tətbiq edilən güzəştlərin müvəkkil kredit təşkilatları vasitəsilə verilməsini həyata keçirmək, həmin vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət etmək;

3.0.3. kreditlərin və güzəştlərin verilməsi ilə bağlı xidmətlərin elektron qaydada həyata keçirilməsini və qeydiyyatını təmin edən elektron reyestri formalaşdırmaq;

3.0.4. aqrar sahədə regionlar üzrə kredit vəsaitlərinə olan tələbatı öyrənmək və regionların aqrar inkişaf imkanlarını qiymətləndirmək;

3.0.5. aqrar sahədə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, kənd təsərrüfatı sahələrinin dəstəklənməsi və inkişafı ilə bağlı müvafiq tədbirlər görmək;

3.0.6. kənd təsərrüfatı sahəsində innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə müsabiqələr keçirmək, müsabiqəyə təqdim edilən layihələrin ekspertizasını aparmaq və onları qiymətləndirmək, habelə layihələrin icrasına nəzarət etmək;

3.0.7. kənd təsərrüfatı sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak etmək, müvafiq beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

3.0.8. Nazirlik ilə beynəlxalq təşkilatlar və maliyyə qurumları arasında bağlanılan sazişlərə uyğun olaraq, kənd təsərrüfatı sahəsində layihələrin icrasını təmin etmək;

3.0.9. aqrar sahəyə aid maarifləndirici layihələrin, treninqlərin, seminarların və elmi-praktik konfransların keçirilməsini təşkil etmək və ya bu tədbirlərin həyata keçirilməsində iştirak etmək;

3.0.10. kreditlərin və güzəştlərin alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxmaq, təklif edilən layihələrin ekspertizasını (qiymətləndirilməsini) keçirmək, müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə qərar qəbul etmək;

3.0.11. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini və daim yenilənməsini təmin etmək;

3.0.12. Agentliyə ayrılan dövlət vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.13. Agentliyə daxil olan ərizə, şikayət və təkliflərə baxmaq, qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.0.14. fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;

3.0.15. aqrar sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsində iştirak etmək;

3.0.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Agentliyin hüquqları

4.0. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

4.0.1. aqrar sahədə kreditlərin və güzəştlərin verilməsi, onlardan təyinatı üzrə istifadənin monitorinqinin aparılması, mexanizmin təkmilləşdirilməsi və güzəşt tətbiqinin prioritet hesab edildiyi sahələr barədə Nazirliyə təkliflər vermək;

4.0.2. Agentliyin aqrar sahədə idarə etdiyi layihələr üzrə təhlil və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq və nəticələrə uyğun olaraq təkliflər vermək;

4.0.3. regionların aqrar inkişafı üzrə konsepsiyaların, normativ hüquqi aktların layihələrini hazırlamaq və Nazirliyə təqdim etmək;

4.0.4. aqrar sahədə tətbiqi nəzərdə tutulan investisiya layihələrinin, kənd təsərrüfatı istehsal vasitələrinə tətbiq edilən güzəştlərə dair müraciətlərin qiymətləndirilməsi meyarları barədə Nazirliyə təkliflər vermək;

4.0.5. aqrar sahədə layihələrin həyata keçirilməsi, dəstək tədbirlərinin tətbiqi ilə bağlı beynəlxalq müqavilələr bağlanması barədə Nazirliyə təkliflər vermək;

4.0.6. fəaliyyət istiqamətləri üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.7. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.0.8. aqrar sahəyə aid maarifləndirici bülletenlər və digər nəşrlər buraxmaq, elektron xidmətlər təşkil etmək;

4.0.9. Agentliyin idarə etdiyi layihələrlə bağlı elmi tədqiqat və təcrübə-sınaq işlərinin görülməsi və xidmətlər göstərilməsi üçün işçi qruplar, komissiyalar yaratmaq, müqavilə əsasında elmi tədqiqat və təhsil müəssisələrini, şirkətləri, müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək;

4.0.10. Agentliyin fəaliyyəti barədə məlumatları kütləvi informasiya vasitələrində dərc etdirmək;

4.0.11. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.”;

1.2.7. 5-ci hissədə ismin müvafiq hallarında “rəis” sözü ismin müvafiq hallarında “sədr” sözü ilə əvəz edilsin;

1.2.8. 5.5.4-cü və 5.5.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“5.5.4. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.5. Agentlik sədrinin müavinləri və Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin vəzifəyə təyin etdiyi struktur bölmə rəhbərləri istisna olmaqla, Agentliyin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır və onların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tədbirləri tətbiq edir, işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;”;

1.2.9. 5.5.12-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.5.12. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, vəsait həddi nəzərə alınmaqla, Agentlik işçilərinin vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)