Azərbaycan və Pakistan arasında birbaşa uçuşlara başlanacaq
“Koronavirus pandemiyası yayılma sürəti azaldıqdan sonra Azərbaycan və Pakistan arasında birbaşa uçuşlara başlanacaq və bu hər iki ölkənin iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək”.
“ENA” xəbər verir ki, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə yerli mətbuata müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan həmişə regional və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsində maraqlı olub: “Hazırda iki ölkənin birbaşa hava əlaqəsi yoxdur. İki ölkə arasında hava əlaqəsi İstanbuldan Bakı üzərindən Lahor-İslamabad istiqamətində Türk Hava Yolları vasitəsi ilə həyata keçirilir”.
“İki ölkə arasında 1993-cü ildə Hava əlaqələri haqqında Saziş (ASA), 2009-cu ilin sentybarın 30-da isə anlaşma memorandumu, 2020-ci ilin yanvar ayında isə milli aviadaşıyıcılar arasında Codeshare Sazişi imzalanıb.
2019-cu ildə 40 mindən çox Pakistan vətəndaşı Azərbaycanı ziyarət edib və davam edən COVID-19 pandemiyası səngiyəndə və beynəlxalq səyahət məhdudiyyətləri götürüldükdən sonra bu rəqəm yəqin ki, artmağa davam edəcək”, - deyə o bildirib.
“COVID-19”un qlobal iqtisadiyyata və iş aktivliyinə mənfi təsir etdiyini bildirən Ə.Əlizadə: “Pandemiya həmçinin Pakistan və Azərbaycan arasında iqtisadi fəaliyyətə də müəyyən qədər təsir edib. Ancaq əminəm ki, koronavirus problemi həll edildikdən sonra qarşılıqlı ticarətimiz artacaq.
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Pakistana bu ilki səfəri iki ölkə arasında əlaqələri daha da gücləndirib. İki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığı olan boşluğu azaltmağa kömək edəcək siyasi səviyyədə strateji tərəfdaşlığa çatıb.
Bundan sonra, hər iki ölkənin iqtisadiyyatları üçün çox faydalı nəticələr verəcək ticarət əlaqələrini inkişaf etdirməyə yönəlmişik.
Azərbaycan hökuməti investorlar üçün əlverişli mühit və iqtisadi siyasət həyata keçirilir.
Azərbaycan hakimiyyəti və xalqı Pakistanın Azərbaycanla bağlı mövqeyini həmişə yüksək qiymətləndirmiş və dəyər verib. Pakistan şirkətlərinin Qarabağda yenidənqurma və bərpa prosesində iştirak etməsindən məmnun olacağıq. Bu sahədə prioritet dost və qardaş ölkələrin şirkətlərinə veriləcək”, - deyə o bildirib.