Könüllü sığortada düşmə tendensiyası: sığorta bazarının 3 AYI
2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 248 milyon 988,7 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,4% çoxdur. Mərkəzi Bankın (AMB) açıqladığı məlumata görə, hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 155 milyon 648 min manat olub ki, bu 3% azalma deməkdir. Ümumilikdə bazar üzrə bütün sığorta haqlarının 62,5%-i könüllü sığorta növlərinin payına düşür.
Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 4,5% azalaraq 53 milyon 901,8 min manat, qeyri-həyat sığortası üzrə sığorta haqları 2,2% azalaraq 101 milyon 746,2 min manat təşkil edib.
Yanvar-mart aylarında icbari sığorta növləri üzrə sığorta haqları isə 16,3% artaraq 93 milyon 340,7 min manata yüksəlib.
Hesabat aylarında sığortaçılar tibbi sığorta (62 milyon 45,6 min manat), həyatın yaşam sığortası (45 milyon 488,4 min manat) və daşınmaz əmlakın icbari sığortası (23 milyon 841,2 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Yanvar-mart aylarında bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 52,8%-ni təmin edib.
Bu dövrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 145 milyon 344,7 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 88,5% çoxdur.
Yanvar-mart aylarında sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 104 milyon 330 min manat olub ki, bu 81,5% artım deməkdir və bazar üzrə bütün ödənişlərin 71,8%-ni təşkil edir. Həyat sığortası üzrə ödənişlər 2,3 dəfə artaraq 83 milyon 126,1 min manat, qeyri-həyat sığortası üzrə ödənişlər 3,7% azalaraq 21 milyon 203,9 min manat məbləğində olub.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 2,1 dəfə artaraq 41 milyon 14,7 min manat təşkil edib.
Bu dövrdə sığortaçılar həyatın yaşam sığortası (82 milyon 117,5 min manat), könüllü tibbi sığorta (17 milyon 33,9 min manat) və AVSMMİS (14 milyon 790,5 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Yanvar-mart aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2,3 dəfə çox olub.
Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 78,4%-ni təmin edib.
Mart ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.