İnşaat və əmlak

"140 kvadrat mənzilin əvəzinə 2 mənzil, 2 qaraj və 100 min manat istəyir" - İCRA HAKİMİYYƏTİNDƏN AÇIQLAMA

Nərimanov Rayon İcra Hakimiyyətindən Ceyhun Hacıbəyli küçəsində gecə saatlarında vətəndaşın evindən çıxarılması ilə bağlı yayılan iddialara münasibət bildirilib.

ENA.az xəbər verir ki, İcra hakimiyyətinin şöbə müdiri Rüfət Əhmədzadə bildirib ki, uzun müddət öncə inşa edilən, istismar müddəti bitən, dörd mərtəbəli qeyd edilən həmin binaların qəzalı və texniki vəziyyətinin məhdud işlək olması barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu tərəfindən 2018-ci ildə rəy verilib.

Onun sözlərinə görə, həmin ünvanda pilot layihə çərçivəsində “N-TURAN” MMC tərəfindən 130 ailənin köçürülməsi planlaşdırılıb, hazırki tarixə şirkət tərəfindən qarşılqlı razılaşma əsasında müqavilə bağlanaraq aylıq kirayə haqları ödənilməklə 129 ailə köçürülüb: "Reallığa uyğun olmayan, astronomik şərtlər tələb edərək köçməyən yeganə sakin Alim Məmmədovdur. Ona məxsus mənzilin mövcud sahəsi 140 kv.m. təşkil edir. Pilot layihə çərçivəsində bir qayda olaraq sakinlərə əvvəlki mənzillərinin ölçüsündən 20-25 faiz artıq ölçüsü olan yeni mənzillərin ayrılması nəzərdə tutulduğu halda “N-Turan” şirkəti tərəfindən vətəndaşa 240 kv.m. ölçüdə, yəni 70 faizdən artıq sahəsi olan, tam təmirli yeni mənzil və aylıq 700 manat kirayə haqqı təklif olunub, lakin onun tərəfindən əsassız olaraq heç bir ölçü meyarına uyğun olmadan 185 kv.m.-lik və 95 kv.m.-lik 2 ədəd təmirsiz mənzil, 2 ədəd qaraj, kirayə haqqı və təmir pulu olaraq əvvəlcədən 100.000 azn məbləğdə pul vəsaitinin verilməsi və bununla yanaşı fors-major hadisələrindən sığortalanması üçün Bakı şəhərinin mərkəzində girov olaraq dəyəri 600.000 azn olan obyektin onun adına müvəqqəti notarial qaydada sənədləşdirilməsi iddiası irəli sürülüb".

"Vətəndaş Alim Məmmədovun absurd tələbləri səbəbindən köçürülməməsi məqsədli şəkildə tikinti işlərinin uzun müddətə gecikdirilməsinə səbəb olub. Belə ki, müqavilə şərtləri ilə kirayə haqları ödənilərək artıq 2 ildən artıqdır ki, kirayədə yaşayan köçürülən sakinlər köçmək istəməyən bir nəfərə görə tikinti işlərinin gecikməsinə, həmin ailələrin mənzil hüquqlarının pozulmasına etiraz olaraq dəfələrlə RİH-ə, şirkətə və digər dövlət qurumlarına müraciət ediblər. Buna baxmayaraq tikinti şirkətinə RİH tərəfindən sakinlərin köçürməsi tam bitmədən söküntü işlərinin aparılmasının mümkünsüzlüyü barədə dəfələrlə xəbərdarlıq edilib. Yaranmış mübahisəli məsələ tam həll olunanadək söküntü işləri, o cümlədən tikinti işləri artıq dayandırılıb, vətəndaşla arasında yaranan mübahisəli məsələ həll edildikdən sonra tikinti işlərinə başlamağın mümkün olduğu “N-TURAN” MMC-yə bildirilib"- deyə İH-dən bildirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)