Nazirlər Kabineti dünya çempionatının Bakıda keçirilməsinə icazə verdi
Milli Gimnastika Arenası bir illik fasilədən sonra yenidən beynəlxalq yarışlara ev sahibliyi etməyə hazırlaşır.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, COVID-19 pandemiyası səbəbindən təxirə salınan və bu ilin mayında keçirilməsi gözlənilən yarışların təşkilinə həmin tədbirlərin əhəmiyyəti nəzərə alınaraq, Nazirlər Kabinetinin müvafiq qərarı ilə icazə verilib.
Sözügedən yarışlar Tokio-2020 Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə Dünya Kuboku (7-9 may), aerobika gimnastikası üzrə Yaş Qrupları Yarışları (21-23 may) və bu növ üzrə dünya çempionatıdır (27-29 may).
Bu turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, COVID-19 pandemiyasına görə ölkəmizdə görülən təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə əlaqədar 2020-ci ildə Bakıya həvalə olunmuş 8 beynəlxalq turnirdən yalnız ikisi baş tutub. Digər yarışlar ləğv edilib və ya təxirə salınıb.