Amerikanın biznes sektoru “Amazon”a qarşı müharibə elan edib
Amerikalı sahibkarlar “Amazon”a qarşı müharibə elan edərək, onun onlayn-ticarətdəki inhisarını məhv etməyi planlaşdırırlar.
ENA.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Kiçik və orta sahibkarlar internet nəhənginə qarşı qanunvericiliyi sərtləşdirməyi hədəfləyən koalisiya qurublar.
İş adamlarının təşəbbüsü haqqında “The Wall Street Journal” yazıb. Koalisiyaya on iki şəhərdən kiçik avadanlıq satışı mağazaları, ofis tədarükçüləri, kitab satıcıları, dərman və digər istehsalçıların nümayəndələri daxildir. Onların əsas tələbi – dominantlıq edən elektron ticarət platformalarının öz məhsullarını satmasını qadağan etməkdir.
Şirkətlər uğur qazandıqları təqdirdə, “Amazon”un mal istehsalı biznesini ayırmaq məcburiyyətində qalacağını düşünürlər. İştirakçıların fikrincə, bu, şirkətin bazara təsirini azalda bilər.
Təşəbbüskarlar koronavirus böhranının və “Amazon” kimi şirkətlərin dominant olmasının, koalisiyaya hədəflərini formalaşdırmağa kömək etdiyini qeyd ediblər. Keçən il bir çox ölkədəki tənzimləyiciləri iri şirkətlərin dominant mövqeyini yenidən nəzərdən keçirməyə məcbur etsə də, müvafiq qanun layihələri hələ də qəbul edilməyib.
“Amazon” özü koalisiyanın yaradılması xəbərinə tənqidi reaksiya verib. Şirkətin nümayəndələri azad bazarın işinə müdaxilənin vəziyyəti daha da pisləşdirəcəyini hesab edirlər: bu, istehlakçıların hüquqlarını pozacaq, müstəqil pərakəndə satıcılara mənfi təsir göstərəcək və kiçik şirkətlərin populyar platformalardan çəkinməsinə səbəb olacaq. Nəticədə, bu, qiymətlərin artmasına və seçimin azalmasına gətirib çıxaracaq.
Bununla yanaşı, azad bazara “Amazon” müdaxilə etdikdə, adətən qiymətlərin artımı baş verir. Xatırladaq ki, daha əvvəl şirkətin ABŞ-ın ən böyük nəşriyyatları ilə mübahisəsi olmuşdur ki, bu da platformanın xaricində kitabların bahalaşması ilə nəticələnib.