“SOCAR Polymer” Rusiyaya dəmir yolu ilə poliolefin tədarükünə başlayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu il ilk dəfə olaraq dəmir yolu vasitəsilə Rusiyaya özünün “SOCAR Polymer” zavodunda istehsal edilən poliolefinin ixracına başlayıb.
“ENA” xəbər verir ki, bu barədə “Argusmedia”nın məlumatında deyilir.
Bildirilir ki, Azərbaycan şirkəti xaricə məhsul tədarükü üsullarını şaxələndirir. Bu da şirkətin 2020-ci ildə dəmir yolu daşımaları zavodundakı əlavə platforma avadanlığı sayəsində mümkün olub.
Məlumata görə, “SOCAR Polymer” zavodunun istehsalı olan polipropilenin dəmir yolu ilə Rusiyaya tədarükü bu ilin yanvar ayında başlayıb. Polietilen tədarükünə isə fevraldan start verilib.
Belə ki, dəmir yolu ekspeditorlarının məlumatlarına əsasən, 2021-ci ilin birinci rübündə Sumqayıt stansiyasından Rusiyanın Moskva vilayətinin Noqinsk şəhərinə 2,6 min ton polipropilen və 2,3 min ton polietilen tədarük edilib.
Qeyd edək ki, 2020-ci ilin nəticələrinə əsasən, “SOCAR Polymer”in Rusiyaya polipropilen ixracı 46,6 % artaraq 27,9 min ton təşkil edib. Ötən il ərzində bu zavoddan polietilen ixracı isə 3 dəfə artaraq 11 min ton olub. Bununla da “SOCAR Polymer” Rusiya bazarına poliolifen tədarük edən şirkətlərin ilk onluğuna daxil olub.
Hazırda Rusiyaya tədarük edilən poliolefin ixracının 40 % -ni Azərbaycanın payına düşür. SOCAR həmçinin Türkiyə, Çin və Qazaxıstana da polimer ixrac edir.
Qeyd edək ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.