Enerji Məsələlərini Tənzimləmə Agentliyi Qarabağda fəaliyyətə başlayır
Energetika Nazirliyinin “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin filiallarının əsasnamələrinin təsdiq edilməsi barədə” əmrində dəyişikliklər edilib.
Bu barədə Agentliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, yeni əmrə əsasən, Agentliyin (AERA) Gəncə, Mingəçevir və İmişli filiallarının əsasnamələrində dəyişiklik edilərək onların fəaliyyət əraziləri genişləndirilib.
Əsasnamələrə edilmiş dəyişikliklərdə məqsəd 2020-ci ildə Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə enerji məsələlərinin tənzimlənməsi və bununla əlaqədar AERA-nın filiallarının funksionallığının yeni fəaliyyət əraziləri nəzərə alınmaqla təkmilləşdirilməsidir.
Dəyişikliklərə əsasən, Agentliyin Gəncə filialının fəaliyyət ərazisinə işğaldan azad edilmiş Kəlbəcər rayonu, Mingəçevir filialının fəaliyyət ərazisinə işğaldan azad edilmiş Ağdam rayonu, İmişli filialının fəaliyyət ərazisinə işğaldan azad edilmiş Şuşa şəhəri, Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Zəngilan, Qubadlı və Laçın rayonları daxil edilib.
Dəyişikliklər nəticəsində işğaldan azad edilmiş bütün ərazilərdə AERA-nın səmərəli fəaliyyəti təmin ediləcək, o cümlədən energetika sahəsində dövlət nəzarəti müvafiq filiallar vasitəsi ilə həyata keçiriləcək.