Dünya Bankı: Ermənistana ayırdığımız kreditlər Qarabağda xərclənə bilməz
“Bir çox ölkələr kimi, Ermənistan da Dünya Bankının üzvüdür. Bizim kredit verdiyimiz üzvlərimiz qarşısında həmin vəsaitin xərclənməsi ilə bağlı spesifik tələblərimiz var”.
Bunu “Report”a açıqlamasında Ermənistana ayrılmış kreditlərin Qarabağda istifadə edilməsi ilə bağlı yayılan iddialara aydınlıq gətirən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) deyib.
Onun sözlərinə görə, bu tələblər bağlanmış müqavilələrdə öz əksini tapır: "Beləliklə, deyə bilərəm ki, biz vəsaitlərin düzgün istifadəsi ilə bağlı şərtlərə 100 % sadiqik. Vəsaitlərin müqavilələrdə göstərilən istiqamətdə xərclənməsini təmin etmək üçün güclü təlimatlarımız və nəzarət siyasətimiz var. Nəzərdə tutulmuş istiqamətlərdən kənar xərclənməyə dair dəlil, yaxud risk olarsa, biz buna qarşı tədbir görəcəyik. Orada hər hansı bir problemin olması ilə bağlı isə məlumatım yoxdur".
Xatırladaq ki, son illər Dünya Bankı və digər beynəlxalq maliyyə institutlarının Ermənistana ayırdığı kreditlərin Azərbaycanın uzun illər işğal altında olmuş və ötən il azad edilmiş ərazilərində istifadə edilməsi ilə bağlı iddialar irəli sürülür. Bir neçə il bundan əvvəl keçmiş iqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankı rəsmiləri ilə görüşərkən bu mövzuda rəsmi Bakının narahatlığını diqqətə çatdırmışdı.