Dünya Bankı: ARDNF-in ehtiyatları Azərbaycan iqtisadiyyatını risklərdən qoruyacaq
Dünya Bankı dövlətin maliyyə sektoruna dəstək tədbirlərini ləğv etdikdən sonra Azərbaycanda bəzi banklarda kapital və gəlirlilik nisbətlərinin pisləşəcəyini istisna etmir.
Bu barədə Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatında deyilir.
Hesabata görə, sözügedən proqnozun pisləşməsi riskləri orta müddətdə əhəmiyyətli dərəcədə qalır.
“Neft bazarında mövcud qiymət və tələbat tarazlığı (“equilibrium”) kövrəkdir və əsasən “OPEC+” razılaşmalarından asılıdır. Bundan əlavə, pandemiyanın təkamülü hələ də qeyri-müəyyəndir və vaksinasiyanın sürətindən asılı olacaq. Nəhayət, regional geosiyasi risklər yaxın gələcəkdə yüksək səviyyədə qalacaq. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) əhəmiyyətli ehtiyatları (2020-ci ilin sonunda ÜDM-in 100%-dən artıq – red.) iqtisadiyyatı bu risklərdən qorumağa kömək edəcək”, – hesabatda bildirilir.
Qeyd edək ki, 2021-ci il yanvarın 1-ə Neft Fondunun aktivləri 43 564,3 mln. ABŞ dolları təşkil edib.