Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ötənilki gəlirini açıqladı: 30% azalma var
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2020-ci ili 45,043 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2019-cu ilə nisbətən 29,5% azdır.
Ötən il ASCO-nun əsas əməliyyat gəlirləri 421,049 milyon manat (əvvəlki illə müqayisədə 12,1% az), satışlarının maya dəyəri 259,559 milyon manat (13,5% az), ümumi və inzibati xərcləri 40,86 milyon manat (20,6% az), sosial xərcləri 12,542 milyon manat (1,5% çox), digər əməliyyat gəlirləri 19,602 milyon manat (39% az), digər əməliyyat xərcləri 61,369 milyon manat (8,3% çox), əsas vəsaitlərinin silinməsindən gəlirləri 71 min manat (əvvəlki il zərər olub), törəmə müəssisələrin silinməsindən zərəri 559 min manat (əvvəlki il olmayıb), məzənnə fərqindən zərəri 1,951 milyon manat (əvvəlki il gəlir olub), maliyyə xərcləri 2,68 milyon manat (2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 16,159 milyon manat (37% az) təşkil edib.
Bu il yanvarın 1-nə ASCO-nun aktivləri 1 263,33 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,2% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 1,7% azalaraq 230,973 milyon manata çatıb, balans kapitalı isə 5,6% artaraq 1 032,357 milyon manata çatıb.
Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100% dövlətə məxsusdur.