Azərbaycanda vergi ödəyicilərinin sayı açıqlandı
Bu il martın 1-nə Azərbaycanda uçotda olan 1 231 572 vergi ödəyicisinin 87,7 %-i fiziki, 12,3 %-i hüquqi şəxs və digər təşkilatlar olub.
Bu barədə “ENA”ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 161 080 vahid (115,1 %) artıb ki, bunun da 94,5 %-i fiziki, 5,5 %-i hüquqi şəxslərin hesabınadır. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayı əsasən kommersiya qurumları hesabına artıb (müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 6,8 % artıb).
2021-ci ilin əvvəlindən 1 776-sı yerli investisiyalı olmaqla 1 910 kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7 % artıb.
Yerli investisiyalı qurumların dövlət qeydiyyatının sayının artması bütünlüklə elektron qeydiyyatın sayının artması hesabına baş verib. Belə ki, yerli investisiyalı qurumlar üzrə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə elektron qeydiyyatın sayı 18,7 % artıb, kağız daşıyıcıda müraciətlər əsasında aparılmış qeydiyyatın sayı isə 9 % azalıb. Bu vergi ödəyicilərinin qeydiyyat prosesi zamanı daha sürətli və asan həyata keçirilən elektron qeydiyyat sisteminə üstünük verməsi ilə bağlıdır.
2021-ci ilin yanvar və fevral aylarında qeydiyyata alınmış kommersiya qurumlarının 85,1 %-i elektron qaydada müraciət edib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) e-qeydiyyatının xüsusi çəkisi isə 91,7 % təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ildə 307 yerli investisiyalı MMC qeydiyyata alınıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 50 % çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,1 %, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 17,3 % təşkil edib.
2021-ci ilin yanvar-fevral ayları ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2.115, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 558 vahid təşkil edib. Bu dövrdə fəaliyyəti passivləşmiş (fəaliyyəti dayandırılmış) hüquqi şəxslərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,6 %, fəaliyyəti passivləşmiş ƏDV ödəyicilərinin sayı isə 20,5 % azalıb. 2021-ci ilin iki ayında qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 1.281 vahid çoxdur.
Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,3 %-i kommersiya qurumlarıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,3 % artıb. Hazırda ümumi kommersiya qurumlarının 58,3 %-nin vəziyyəti aktivdir. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,3 % artıb və hazırda 23 627 təşkil edir.
2021-ci ilin 1 mart tarixinə qeydiyyatda olan publik hüquqi şəxslərin sayı 270-dir.
2021-ci ilin yanvar-fevral aylarında 134 xarici investisiyalı kommersiya hüquqi şəxsləri qeydiyyata alınıb ki, onların da 32,1 %-i ticarət, 27,6 %- xidmət, 10,4 faizi tikinti, 29,9 %-i digər sahələrdə fəaliyyət göstərirlər.