Hadisə

Ata Abdullayev hakerliklə 100 min pul mənimsəyən dəstənin üzvü kimi istintaqa nələri deyib?

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddəsi ilə ittiham edilir. İttiham təsdiqini taparsa, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Bu, Ata Abdullayevin istintaqa təqsirləndirilən şəxs qismində cəlb edildiyi ilk iş deyil. 2009-cu ilin yayında təhlükəsizlik orqanı tərəfindən onu 10 nəfərlik dəstənin üzvü kimi saxlayıblar. O dövrdə Ata Abdullayev istintaqla o dərədəcə əməkdaşlıq edib ki, son nəticədə yüngül cəza ilə yaxasını kənara çəkə bilib. Ata Abdullayevin üzvü olduğu mütəşəkkil dəstə aviaşirkətlərin internet səhifəsinə qeyri-qanuni daxil olub. Bu yolla ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından pul ödənişləri aparıb elektron aviabiletlər əldə ediblər. Sonradan biletləri real dəyərindən ucuz qiymətə, nağd pula digər şəxslərə satıblar. Nəticədə aviaşirkətə 100 min manata yaxın zərər dəyib...

 

A.Abdullayevin istintaqa verdiyi ifadə:

- Mən Şetu və Samsonu Bakıya dəvət etmişəm, onların pasportlarının surətini əldə edib istintaqa təqdim etmişəm, onlar Bakıya gələn kımı istintaqa xəbər verəcəyəm. Tahir Əmirquliyevi 2008-ci ilin sentyabr ayından tanıyıram. Onunla məni əslən Ağcabədi rayonundan olan, Moskva şəhərində yaşayan Sahib Cəfər oğlu Muradov tanış edib. Sahib Həcc ziyarətində olduğu üçün onu hamı Hacı Sahib kimi tanıyır. Mən Tahirlə tanış olduqdan sonra onun Moskvadan Bakıya və Bakıdan Moskvaya uçması üçün 2008-ci ilin oktyabr ayının əvvəllərində və ortalarında 2 dəfə elektron bilet satmışam. Hətta bir dəfə onu aeroporta gedib özüm yola salmışam. Bundan başqa, Tahir Əmirquliyevin sifarişi ilə onun dediyi şəxslərə, yəni Mirdamət Ağayev adlı dindar bir şəxsə, həmçinin onun yanında olan 2 nəfər, təxminən 18-19 yaşlarında şəxslərə, Fuad Müzəffər oğlu Namazova, Hacıqabuldan Hikmət adlı şəxsə, ümumiyyətlə isə onun sifarişi ilə 10-dan çox şəxsə elektron aviabilet satmışam. Bu biletlərin pulunu həmin şəxslərin əvəzindən mənə Tahir Əmirquliyev ödəyib. Tahirin bu işdə marağı o idi ki, məndən alıb satdığı biletlərə görə hər biletin satış qiymətindən özünə mənfəət götürürdü. Nə qədər götürməsini mən bilmirəm, amma bilirəm ki, Tahir həmişə çalışırdı ki, məndən biletləri ucuz qiymətə alsın, deyirdi ki, o da gəlir əldə etmək istəyir. Mən də ona biletləri mümkün qədər ucuz qiymətə satırdım. Onun vasitəsilə elektron aviabilet satdığım digər şəxslərin adlarını xatırlamıram. Tahirdən başqa mən Hacı Sahibdən də sifarişlər qəbul edirdim. Onun özünə, bacısına, bacısı oğluna və digər sifariş etdiyi şəxslərin də Bakıdan Moskvaya və əksinə uçmaları üçün elektron aviabiletlər satmışam. Hacı Sahibin mobil telefon nömrəsinin əvvəli 92 65 58-dir. Sonrakı rəqəmlərini xatırlamıram. Onun nömrəsi indi bağlıdır. Tahirin nömrəsi isə 8926-341-15-02-dir. Tahir, Sahib, Vaqif bilirdi ki, biz biletləri qanunsuz alıb-satırıq.

"Tahir, Sahib, Vaqif bilirdi ki, biz biletləri qanunsuz alıb-satırıq"


Hakerliklə 85 000 oğurlayanın yeni cinayətləri üzə çıxdı

2008-ci ilin noyabr-dekabr aylarında Binə Hava Limanından şirkət meneceri olan bir nəfər türk tanışımı yola salırdım. Onun üçün “Sindibad” aviakassasından qanuni bilet almışdım. Həmin şəxsin adını xatırlamıram. O, “AZAL”ın Bakı-Ankara avia reysinə gecikirdi. Məni aeroportda gömrük işçiləri də tanıyırlar. Çünki dəfələrlə futbol komandalarının futbolçularını yola salmışam. Mən gömrük işçilərindən birinə yaxınlaşıb içəri, yəni biletlərin qeydiyyat yerinə keçmək istədiyimi bildirdim. Həmin gömrük işçisi mənə dedi ki, növbə rəisinə deyim, sonra səni içəri buraxaram. O, növbə rəisindən icazə alıb məni içəri buraxdı. Gömrük işçisini və növbə rəisini şəxsən tanımıram və adlarını bilmirəm. İçəri keçib qeydiyyat şöbəsinə yaxınlaşdım. Orada bir qadın oturmuşdu. Mənə dedilər ki, Hacıya yaxınlaş və onu mənə göstərdilər. Bildirdilər ki, Hacı sərnişin daşınması üzrə qeydiyyat şöbəsinin rəis müavinidir. Mən ona yaxınlaşıb tanış oldum, ona dedim ki, mənim adım Atadır. O da mənə adını deyib, bildirdi ki, Hacı Muraddır. Mən Murada dedim ki, ömrü boyu futbolçuları yola salmışam. Mənim bir nəfər adamım gələcək, onu yola salarsan. Murad da bildirdi ki, məni aeroportda görüb, tanıyır. Mənə dedi ki, həmin vaxt parlamentin sədri uçur, reysi bağlayır. Adamım qeydiyyat qurtaranadək çatsa, onu yola salar, əgər geciksə, onu gözləməyəcək. Reysi bağladı. Ancaq necə oldusa, 15-20 dəqiqə reysi yubatdı. Mənim yola saldığım türk gəlib çıxdı və onu qarşılayıb yola saldı. Bunun üçün mən onun stolunun üstünə 25 ABŞ dolları qoydum, Hacı Murad həmin pulu götürüb qeydiyyatdakı qadının stolunun üstünə qoydu. Murad özünün telefon nömrəsini mənə verdi. Onun nömrəsi 050-214-lə başlayır. Axır rəqəmlərini xatırlamıram. Muradın başqa bir telefon nömrəsi 050-216-05-30 və ya 050-206-05-30-dur. Öz telefonumdan çıxarıb, onun dəqiq nömrəsini istintaqa bildirəcəm. Bundan sonra Murada dedim ki, şəhərə gələndə mənə zəng elə, görüşək, sənə yaxşı bir iş verəcəm. Bu danışığımızdan bir həftə-10 gün sonra o, şəhərə gəlib mənə zəng etdi. Onunla 28 May küçəsi 11 saylı evin 20-ci mənzilindəki çayxanamızda görüşdük. Təxminən nahar fasiləsi vaxtı idi. Murad dedi ki, acmışam, yemək hazırlat, mən toyuq bişirtdirdim, aşağıdakı otaqda oturub yemək yedik. Mən Murada dedim ki, mənim tez-tez Bakıdan xaricə uçan adamlarım olacaq, onların yükü çox olanda qiymətində onlara güzəşt edərsənmi, təyyarədə onlara yaxşı yer verərsinizmi. Murad da dedi ki, heç bir problem yoxdur, edərəm, ancaq bu işdə mənim xeyrim nə olacaq. Mən ona təklif etdim ki, “Türk Hava Yolları” ilə yola salacağım hər bir şəxs üçün ona 50 ABŞ dolları, “AZAL” və “Aeroflot”la yola saldığım adamlar üçün isə 25 ABŞ dolları ödəyəcəyəm. Murad da mənim təklifimlə razılaşdı. Əvvəl 5-6 nəfəri yola saldım. Onunla yola saldığım şəxslərdən Mirdaməd Ağayevi və onunla uçan 2 nəfər uşağı, yəni Elçin Paşayev, Xaləddin Paşayev, Vaqif Qubatovu, mənim özümü, anamı, yoldaşımı, gəlinimizi, qardaşım Elnuru, Hacı Sahibi və onunla birlikdə uçan 5 nəfərə yaxın şəxsləri, Emin Abdullayevi və adlarını xatırlamadığım çoxlarını göstərə bilərəm.

 

“Biletlərin dəyəri oğurlanmış kredit kartları ilə ödənilib”

Mənim qanunsuz elektron aviabilet aldığım şəxsləri qeydiyyatdan keçirib yola salmaqda köməklik etdiyinə görə 2009-cu ilin yay aylarından, təxminən avqust ayından 2009-cu ilin yanvar ayının əvvəllərinədək olan dövr ərzində Hacı Murada 2 min ABŞ dolları, ondan da bir az çox pul vermişəm. Mən özüm və ailə üzvlərim uçanda o, məndən daha çox pul alırdı. Bəzən olurdu ki, bir nəfərə görə 100 dollar alırdı. Bəzən olurdu ki, elektron biletlə yola saldığım sərnişinlər həmin biletlə uça bilməyib geri qayıdırdılar. Onda Hacı Murad mənimlə görüşüb dedi ki, sənin yola saldığın şəxslər üçün biletləri kim yazır, mən də ona dedim ki, gələrsən yanıma, görüşüb sənə deyərəm. Murad mənim yanıma gəldi və onunla görüş zamanı mənə dedi ki, yola saldığın adamların biletlərinin dəyəri oğurlanmış kredit kartları ilə ödənilib. Mən ona dedim ki, ola bilməz. Həmin vaxt 2008-ci ilin yay-payız ayları idi. Mən qısaqol köynək geyirdim. Onun yanında Vaqifi yığdım. Ondan soruşdum ki, mənim vasitəmlə satdığı elektron biletlərin dəyəri oğurluq kredit kartları ilə ödənilir? Vaqif isə mənə dedi ki, ola bilməz, sərnişinin adı pozulub, tez adı mənə ver, yenidən onun adına bilet yazım. Həmin gün 3 nəfər sərnişin dala qayıtmışdı. Bundan sonra Hacı Murad mənə dedi ki, sən mənə az pul verirsən, mən bu pulla razılaşmıram, mənə sərf eləmir, bu xidmətimə görə mənə çox pul verməlisən. Dedi ki, verdiyin pul heç mənim benzinimi ödəmir. Murad mənə dedi ki, indən sonra sənin yola saldığın adamların adlarını 6-8 saat qabaq mənə de ki, mən onların uçub-uçmayacaqlarını sənə bildirim. Onunla razılaşdıq və həmin görüşdən sonra belə də etdik.

“O, hansısa kodu yığıb, onların adını tapır və qeydiyyatdan keçirib uçmalarını təşkil edirdi”

Xidmətlərinə görə ona verdiyim pulları da həmişə gəlib 28 May küçəsindəki obyektimizdə götürüb. Onunla həmişə obyektimizin qabağında görüşüb pulu vermişəm. Elektron bilet satıb, yola saldığım şəxslər bəzən mənə zəng edib deyirdilər ki, qeydiyyat şöbəsinə yaxınlaşıb, qeydiyyatdan keçmək istəyirlər, lakin adları uçacaq şəxslərin siyahısında yoxdur. Mən Hacı Murada zəng edirdim. O, hansısa kodu yığıb, onların adını tapır və qeydiyyatdan keçirib uçmalarını təşkil edirdi. Bəzən isə özü növbədə olmayanda başqa şəxslərə zəng edib tapşırırdı, həmin şəxslər də mənim adamlarımın uçmasına kömək edirdi. Lakin mən həmin şəxsləri tanımıram və adlarını bilmirəm. Murad 2008-ci ilin noyabr ayının axırları, dekabr ayının əvvəllərində məni metronun “Gənclik” stansiyasının yaxınlığındakı meydana çağırdı, maşını dayanacaqda saxlayıb mənimlə görüşdü. Onun qara rəngli, “Lexsus” markalı, 003 nömrə nişanlı maşınında oturduq. Məndən telefonumu aldı və batareyasını çıxarıb salona atdı. Sonra isə öz telefonunun da batareyasını çıxarıb atdı. Bundan sonra mənə dedi ki, sənin xəbərin var, bütün Bakı səni tanıyır, MTN bu işdə adamlar həbs edir, hamı bilir, sən bu işlərlə məşğulsan. Mən dedim ki, Murad, burada nə var ki, sən özün bilirsən ki, bu işlər necə gedir, qiymətini qaldırmaq istəyirsən, əgər bunu istəyirsənsə problem deyil, qaldır, amma belə hərəkət eləmə. Bundan sonra ona kontur istəyəndə əlavə olaraq kontur alıb göndərirdim, 25 dollar yox, bir az çox pul göndərirdim. Yenə də o, mənim göndərdiyim sərnişinlərə uçmaqda köməklik göstərməkdə davam etdi. 2008-ci ilin dekabr ayından sonra da Murad mənim göndərdiyim sərnişinləri yola salırdı. “Sibir hava yolları” ilə yola saldığı sərnişinlər üçün isə 30 dollar alırdı. Bəzən olurdu ki, 3-4 gün sərnişin olmurdu, özü tez-tez mənə zəng edib deyirdi ki, sərnişin göndər, kasıbçılıqdır. Hacı Murad hava limanında növbədə olur. O, əvvəllər Səbayel rayonu 39-cu polis bölməsinin rəisi olub, hazırda təqaüddə olan Dədəhəsən Rzayevin kürəkənidir, onun qızı ilə evlənib. Bəzən sərnişin olmayanda Murad mənə zəng edib deyirdi ki, 10 nəfərlik boş yer var, sən müştərilərin üçün səhəri günə bilet yazdır, mənə de, mən onların biletlərinin tarixlərini bu günə dəyişərəm. Elə də edirdik. Mən bu günə bilet istəyənlər üçün səhərə bilet yazdırırdım, Murad isə onları həmin günə dəyişdirib uçuşlarını təşkil edirdi. Murad biletləri aeroportda kassada işləyən Həcixanım adlı qadın vasitəsilə dəyişdirirdi. Həmin Həcixanıma hələ də 25 ABŞ dolları borcluyam, lakin Həcixanım bizim elektron biletləri qanunsuz əldə etdiyimizi bilmirdi...

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)