Azərbaycanda təqaüd verilən tələbələrin sayı yenidən artırılacaq
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı təkliflər hazırlanan zaman dövlət sifarişinin yüksəldilməsi məsələsinə diqqət artırılır. Belə ki, ötən il əvvəlki ilə nisbətən tələbə qəbulu proqnozu 2,3%, dövlət sifarişi isə 7,13% artıb.
“ENA” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Sənəddə qeyd olunub ki, proqnoz yerlərin 84,5%-i dövlət, 15,5%-i isə özəl ali təhsil müəssisələrinin payına düşüb. Ötən il ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin 50,1%-i dövlət sifarişi ilə təhsil almaq hüququnu əldə ediblər. 2019-cu ildə bu rəqəm 44,75% təşkil edib.
Bundan başqa, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16 000 vahid artırılıb və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti 2019-2020-ci tədris ilində 45%-ə çatdırılıb. 2020-2021-ci tədris ilindən başlayaraq bu nismətin 50%-dən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur. Eyni zamanda bütün təhsil səviyyələri üzrə təqaüdün miqdarı artırılıb.
Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.