“Volkswagen” ən böyük zavodunun profilini dəyişdirərək, elektromobil istehsalını genişləndirir
Almaniyanın “Volkswagen” avtomobil istehsalçısı elektrikli nəqliyyat vasitələrinin istehsalı üçün Avropada yerləşən ən böyük zavodlarından birinin profilini dəyişdirəcək.
“Bloomberg” bu şirkətin Berlin yaxınlığında zavod inşa edən “Tesla” ilə rəqabət aparacağını qeyd edir.
Layihə ildə təxminən 500 min avtomobil istehsal edən “Volkswagen Seat” avtomobil zavodunun yenidən qurulmasını nəzərdə tutur. Zavod Barselona yaxınlığında Martoreldə yerləşəcək.
“İspaniya Avropanın elektromobil istehsalı mərkəzinə çevrilə bilər. Bunun üçün Avropa Komissiyasının dəstəyini almalıyıq”, – deyə “Volkswagen”in rəhbəri Herbert Diess İspaniya kralı VI Filipp, Baş nazir Pedro Sançez və sənaye naziri Reyes Maroto ilə görüşmənin nəticələrini şərh edərkən söyləyib.
Xatırladaq ki, daha əvvəl “Volkswagen”in “Tesla”nı almaq istədiyi məlum olmuşdur, İlon Mask bu təklifdən imtina etmişdir. Nəticədə 2020-ci ildə “Tesla” dünyanın ən bahalı avtomobil istehsalçısına çevrilmişdir. Qeyd edək ki, son bir neçə ayda şirkətin kapitallaşması 500 milyard dollardan çox artaraq 700 milyard dollar səviyyəsinə yaxınlaşmışdır.