Dünya Bankının indiyədək Azərbaycandakı layihələrə ayırdığı vəsaitin həcmi məlum olub
Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 71 layihə üzrə 4,15 mlrd. ABŞ dolları məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb.
ENA.az xəbər verir ki, 71 layihədən 10-u hazırda aktivdir (aktiv portfel) və onların ümumi məbləği 979,9 mln. dollar təşkil edir. Qalan 61 layihə artıq yekunlaşıb və onlar üzrə bank Azərbaycana 3,17 mlrd. dollar ayırıb. Ümumi olaraq Dünya Bankı ən çox vəsaiti Azərbaycanın nəqliyyat sektoruna ayırıb. Belə ki, bank indiyədək 16 layihə üzrə (3-ü aktiv) 1,76 mlrd. dollar ayırmağı öz öhdəliyinə götürüb.
Bundan əlavə, Dünya Bankının indiyədək ölkədə 12 layihəsi təsdiqlənməyərək dayandırılıb. Sözügedən layihələr üzrə bank tərəfindən ölkəyə 1,06 mlrd. dollar vəsaitin ayrılması nəzər tutulurdu. Bu layihələrin çoxu su infrastrukturu, sanitariya, tullantıların idarə olunması sahələrində olub (4 layihə) və bank tərəfindən 100,5 mln. dollar ayrılacağı gözlənilirdi.
Artıq yekunlaşmış layihələrə gəldikdə, sayca layihələrin çoxu dövlət idarəetməsi sektoruna aid olsa da (37 layihə, bankın öhdəlikləri 237,35 mln. dollar), həcm ifadəsində bank ən çox vəsaiti nəqliyyat sektorundakı layihələrə ayırıb (13 layihə üzrə 1,37 mlrd. dollar).
Növbəti kateqoriya – təsdiqlənməyən layihələrdir. Hazırda ölkədə dörd belə layihə mövcuddur ki, onların hamısı hazırlıq mərhələsindədir. Bunlar "Azerbaijan COVID-19 Emergency Response Project" layihəsi (layihə investisiya məqsədli deyil və analitik kömək məqsədi daşıması gözlənilir), bank tərəfindən 65 mln. dolların ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsi (Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması), ölkədə dəmir yolları və yükdaşıma logistikasının təkmilləşdirilməsinə yönələn və bank tərəfindən 400 mln. dolların ayrılacağı "Azerbaijan Railways & Logistics Modernization Program" layihəsi və 117 mln. dollar məbləğində olan (bank tərəfindən ayrılacaq indikativ məbləğ) ölkənin seçilmiş regionlarında tullantıların idarə olunması xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlmiş "National Solid Waste Management Project" layihəsidir.
Aktiv layihələrə qayıtdıqda, hazırda ən miqyaslı layihə "Üçuncü magistral yol layihəsi"dir ("Third Highway Project"). Layihənin məqsədi Bakı-Şamaxı magistral yolunu daha sürətli və təhlükəsiz etmək, daha yüksək keyfiyyətli yol xidmətlərinin göstərilməsinə töhfə vermək və yeni yaranan avtomobil yolu şəbəkəsinin idarə edilməsini yaxşılaşdırmaqdır. Dünya Bankı 2010-cu ilin may ayında sözügedən layihəni təsdiqləyərək Azərbaycana 241,6 mln. dollar, daha sonra isə 2016-cı ilin mart ayında "Üçuncü magistral yol" layihəsi üçün əlavə olaraq 140 mln. dolların ayrılmasını təsdiqləmişdi. (Apa)