Sosial iqtisadiyyat

“İcra haqqında” qanunda dəyişiklik: bəzi vergi borcları silinəcək

İcra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydasına dəyişiklik edilir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə icra sənədi üzrə icraata xitam veriləcək.

Qeyd edək ki, qanun layihəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunun icrası ilə əlaqədar hazırlanıb. Belə ki, həmin qanunla məcəlləyə edilən dəyişiklikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdiyi halda, ümidsiz borclar olaraq vergi orqanları tərəfindən silinir. Qanuna təklif edilən dəyişiklik də uyğunlaşdırma xarakteri daşıyır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)