“İskəndər” Bakıya atılıb və göydə vurulub - Britaniya saytı
Böyük Britaniyanın “Middle East Eye” saytında “Azərbaycan-Ermənistan münaqişəsi: İsrail istehsalı olan müdafiə sistemi Yerevanın Bakıya atdığı, Rusiya istehsalı olan raketi zərərsizləşdirib” başlıqlı məqalə dərc olunub. Məqalədə ad çəkilmədən yüksək rütbəli rəsmilərdən birinə istinadla iddia olunur ki, ötən il Qarabağ müharibəsinin son günlərində Rusiya Ermənistanı Azərbaycana “İskəndər” raketi atmağa təhrik edib, amma Azərbaycanın hərbi arsenalında olan, İsrailin istehsal etdiyi “Barak-8” raketdən müdafiə sistemi sayəsində raketi zərərsizləşdirmək mümkün olub.
ENA.az-ın məlumatına görə, Ragıp Soylunun “Middle East Eye” saytında dərc olunan məqaləsini Novator.az ingiliscədən çevirib. Həmin yazını oxucuların diqqətinə çatdırırıq.
***
Ermənistan ötən ilin noyabr ayında, Qarabağ müharibəsi dövründə Bakını ən azı bir dəfə Rusiya istehsalı olan qısa mənzilli “İskəndər” ballistik raketi ilə hədəf alıb. Lakin Azərbaycan raketi zərərsizləşdirib. Bu hadisə barədə “Middle East Eye” saytını yüksək rütbəli rəsmilərdən biri məlumatlandırıb.
Altı həftə davam edən ağır döyüşlərin gedişində Azərbaycan Ordusu strateji əhəmiyyətli Şuşa şəhərini nəzarətə götürəndən sonra Azərbaycan və Ermənistan Rusiya və Türkiyənin vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəldilər.
Yüksək rütbəli rəsminin sözlərinə görə, Rusiya mübahisəli ərazidə sürətlə irəliləyən Azərbaycanı atəşkəsə razı salmaq üçün Ermənistanı “İskəndər” raketlərindən istifadə etməyə təhrik edib və raketlərin işə salınmasına maddi dəstək verib.
“Yerevan “İskəndər” ballistik raketini atəşkəsdən bir neçə gün əvvəl paytaxt Bakını hədəf alaraq atdı. Ermənistanın bu həmləsi Azərbaycanın səlahiyyətli orqanlarını narahat edirdi. Lakin Azərbaycanın hərbi arsenalında olan, İsrailin istehsal etdiyi “Barak-8″ raketdən müdafiə sistemi sayəsində raketi zərərsizləşdirmək mümkün oldu” deyə yüksək rütbəli rəsmi vurğulayıb.
O deyib: “Bu raketlərdən təkrar istifadə bölgədə vəziyyəti həqiqətən də pisləşdirə bilərdi. Hesab edirəm ki, digər məsələlərlə yanaşı, raket hücumu da Azərbaycan rəhbərliyini atəşkəsə getməyə vadar etdi”.
Ötən ilin noyabrında müharibədə iştirak edən yüksək rütbəli erməni hərbçi jurnalistlərə müsahibə verərkən Yerevanın Azərbaycana qısa mənzilli ballistik raket atdığını təsdiqləyib: “Müharibə zamanı qısa mənzilli ballistik raketdən istifadə olunub. Amma harada istifadə olunduğunu deyə bilməyəcəm”. “Bloomberg” agentliyinin yazdığına görə, bu məlumatı general-polkovnik Movses Akopyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi vəzifəsindən istefaya gedəndən sonra açıqlayıb.
“Rusiya həmçinin müharibə dövründə “vicdanı yol verdiyi həddə” Yerevana hərbi sursat göndərib” deyə Movses Akopyan qeyd edib.
Azərbaycanda “İskəndər” kimi raketləri zərərsizləşdirmək üçün 12 atıcı qurğusu və 75 yer-hava tipli raketi olan “Barak 8” kompleksinin yerüstü versiyası var. Azərbaycan bu sistemi 2018-ci ildə alaraq sınaqdan keçirib.
Ötən il noyabrın 9-da atəşkəs imzalanmazdan bir neçə saat əvvəl sosial şəbəkədə yayılan bir videoda Ermənistanın Azərbaycan ərazisinə “İskəndər” raketi atdığı nümayiş edilirdi.
Türkiyənin İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzinin (EDAM-ın) Təhlükəsizlik və Müdafiə Proqramının direktoru Can Kasapoğlu “Middle East Eye” saytına bildirib ki, “İskəndər” sistemləri mobil kompleksdir və Dağlıq Qarabağdan bu raketlərlə Bakını hədəf almaq mümkündür.