“Porsche” elektromobillərin istehsalındakı payını artırır
“Volkswagen Group Porsche” Xorvatiyanın elektrikli avtomobil istehsalçısı olan “Rimac”ın investisiya raundunda iştirak edəcək və payını 50%-dək artıracaq.
ENA.az “Secretmag”a istinadən xəbər verir ki, bu barədə startapın sahibi Mate Rimak “Automobilwoche” qəzetinə verdiyi müsahibədə danışıb.
Raund iki-üç ay sonra sona çatacaq. Onun köməyi ilə “Rimac” təqribən 130-150 milyon avro (157-181 milyon dollar) investisiya cəlb etməyi planlaşdırır. Qeyd edək ki, startapın növbəti maliyyə raundu 2021-ci ilin sonunda baş tutacaq.
Hal-hazırda “Porsche” Xorvatiya istehsalçısının 15.5%-nə sahibdir. Nəşriyyatın verdiyi məlumata görə, investisiya raundundan sonra şirkətin “Rimac”dakı payı 50%-ə yaxınlaşa bilər. Bundan əlavə, müqavilə çərçivəsində “Porsche” ona “Bugatti” avtomobil markasını təhvil verəcək.
Xatırladaq ki, daha əvvəl “Porsche”nin CEO-su Oliver Blum markanın mümkün trasferi barədə danışmışdır. “Bugatti”nin gələcəyi hələ müzakirə edilir, son qərar 2021-ci ilin birinci yarısında veriləcək.
“Rimac” startapı 2009-cu ildə Mate Rimak tərəfindən yaradılıb. Şirkət Zaqreb yaxınlığındakı Sveta Nedelya şəhərciyində yerləşir. Mövcud olduğu 12 il ərzində startap iki model hiperkar təqdim edib – “Concept One” və “C_Two”.
Ümumilikdə konveyerdən səkkiz ədəd “Concept One” çıxıb. “C_Two” modelləri 2021-ci ildə satışa çıxmalıdır, onların qiyməti təxminən 2 milyon avro (2.4 milyon dollar) təşkil edəcək.