Bankların aktivləri azalıb, vergi ödənişləri isə 57,9% artıb
31 yanvar 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 31 milyard 944,8 milyon manat təşkil edir. Mərkəzi Bankın məlumatına görə, 1 yanvar 2021-ci il tarixinə bankların aktivləri 32 milyard 55,3 milyon manat məbləğində olub. Beləliklə, yanvarda bankların aktivləri 0,3% azalıb.
Yanvarın sonuna bankların kredit portfeli 14 milyard 213,8 milyon manatdır. Bu isə o deməkdir ki, 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,4% təşkil edir.
Bu ilin birinci ayında bankların ümumi kapitallaşması 0,5% artaraq, 4 milyard 720,7 milyon manat olub.
Hesabat dövrünün sonuna bankların öhdəlikləri 0,5% azalaraq, 27 milyard 224,1 milyon manata düşüb. Azalma əsasən, bankların depozit portfelinin əriməsi tendensiyasının davam etməsi ilə bağlıdır. Belə ki, fevralın əvvəlinə banklarda depozit portfeli 2,1% kiçilərək, 20 milyard 288,5 milyon manat təşkil edib. Bankların Mərkəzi Bank qarşısında öhdəliklərində də cüzi azalma davam edir, son göstərici 374,1 milyon manat həcmindədir.
AMB-nin məlumatına görə, 2021-ci ilin yanvar ayında Azərbaycanda bankların ümumi xalis mənfəəti 25,4 milyon manat təşkil edib. Bu, 2020-ci ilin yanvar ayı ilə müqayisədə 48,6% azalma deməkdir.
Hesabat dövründə bankların faiz gəlirləri 2,6% azalaraq 163,1 milyon manat, qeyri-faiz gəlirləri 1% azalaraq 49,6 milyon manat olub.
Bu dövrdə bankların faiz xərcləri 2,6% azalaraq 91,5 milyon manat olub ki, bunun 27,6 milyon manatı depozitlərə ödənilən məbləğdir. Qeyri-faiz xərclərində 2,6% azalma baş verib və 91,5 milyon manat təşkil edib.
Yanvarın yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 71,2 milyon manat təşkil edib ki, bu 0,3% azalma deməkdir.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 37,6% azalaraq 34,4 milyon manat məbləğindədir, mənfəət vergisi üzrə ödənişləri isə 57,9% aratarq 9 milyon manat təşkil edib.
Qeyd edək ki, 31 yanvar 2021-ci il tarixinə Azərbaycanda 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallı, 2-si isə dövlət kapitallıdır.
Yanvarın sonuna bankların 456 filialı, 108 şöbəsi var. Bu sektorda hazırda 18 min 724 nəfər çalışır.