Vaxtı keçən kreditlərin həcmi artmaqda davam edir
Azərbaycanda 2021-ci il fevralın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 900,4 milyon manat təşkil edir. Bu isə o deməkdir ki, yanvar ayında gecikən kreditlər 0,8% artıb. 2021-ci ilin yanvar ayınının yekunlarına görə, Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 14 milyard 587,2 milyon manata qədər artıb. Bu isə o deməkdir ki, kredit portfeli 0,4% artıb. Vaxtı keçmiş kreditlərin həcmi isə cəmi portfelin 6,2%-ni təşkil edir.
Onu da nəzərə almaq lazımdır ki, bu göstəricinin pisləşməsinin qarşısını alan məsələlərdən biri kreditlərin restruktruzasiyasıdır. 2020-ci ilin 2-ci rübündən başlayaraq pandemiyanın real biznesə təsirini nəzərə alan bank sektoru kreditlərin ödənilməsində çətinlik çəkən müştərilərin kredit öhdəliklərini yerinə yetirmə vaxtını uzadaraq, şərtlərini yumşaldıb.
2021-ci il fevralın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 10 milyard 299,5 milyon manat (artım 0,9%) milli valyuta, 4 milyard 287,7 milyon manat (azalma 0,9%) xarici valyuta ilə verilib.
2021-ci il fevralın 1-nə dövlət payına malik olan banklar tərəfindən verilən kreditlərin həcmi 0,5% artaraq 2 milyard 789,4 milyon manata çatıb. Bu bütün kreditlərin 19,1%-ini təşkil edir. Özəl banklar tərəfindən 11 milyard 424,4 milyon manat kredit verilib ki, bu da 0,4% artım deməkdir. Ümumilikdə bütün kreditlərin 78,3%-i özəl bankların payına düşür. Yerdə qalan 373,4 milyon manat həcmində vəsait isə bank olmayan kredit təşkilatları tərəfindən borc verilib.
2021-ci il fevralın 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 607,3 milyon manat (bütün kreditlərin 17,9%-i) ticarət və xidmət sahələrinin, 771 milyon manat (5,3%) energetika, kimya və təbii sərvətlər sektorunun, 573 milyon manat (3,9%) kənd təsərrüfatı və emal sahələrinin, 527,1 milyon manat (3,6%) tikinti və daşınmaz əmlak sahələrinin, 981,6 milyon manat (6,7%) sənaye və istehsal sektorunun, 832,2 milyon manat (5,7%) nəqliyyat və rabitə sahələrinin, 6 milyard 781,7 milyon manat (46,5%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. İlin əvvəlindən bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 1,1% artıb.